"Siz çox qabağa getdiniz. Əlbəttə, "Çelsi" ilə oyun ciddi rəqabət şəraitində keçəcək. Amma bugünkü oyunumuzda da rəqib yaxşı çıxış etdi. Cavab görüşü də çox ciddi olacaq. Ona görə də "zadəganlar"la matçı sonra fikirləşəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərə "Nyukasl"ının baş məşqçisi Eddi Hau Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis buraxdıqları yeganə qolda qapıçı Nik Poupun bir qədər kədərləndiyini söyləyib: "Oyuna daha çox fokuslanmışdıq, dominant tərəf biz idik. İnanılmaz pressinqlər edirdik. Hücum və əks-hücumlar etdik. Müəyyən boşluqlarımız oldu. Bunun üzərində işləməliyik. Amma təbii ki, qapıçımız məyus oldu".
Hou penalti epizodlarını televiziya görüntüləri vasitəsilə daha yaxşı analiz etməyin mümkünlüyünü dilə gətirib: "O zaman daha yaxşı başa düşərik ki, nə baş verdi. Təbii ki, Entoni Qordon ikinci penaltini də vurmaq istədi. Onun qol sayını 10-a çatdıraraq, Çempionlar Liqasının bombardirləri siyahısında ikinci pilləyə yüksəlməsi bizim üçün çox xoş hadisə oldu. Eyni zamanda, Nik Voltemadenin mövqeyində rotasiya etdik. Qordonun daha çox qaçış qabiliyyəti var. Müəyyən dəyişikliklər edərək, futbolçuları fərqli mövqelərdə yoxlayırıq. Ola bilsin, ikinci hissədə "Qarabağ" daha çox topla oynadı və bizim tempimiz aşağı düşdü. Fasilədən sonra imkanlarımız az oldu. Ola bilsin, fiziki yorğunluq da buna müəyyən təsir göstərdi".
O, komandaya dəstək verən 2000-dək azarkeşin hər yerdə "Nyukasl"la birlikdə olduğunu vurğulayıb: "Bizim üçün azarkeş dəstəyi çox önəmlidir. Onların uzaq səfər edərək, dəstək vermələri çox gözəl idi. Onlar ağır vaxtlarımızda da bizimlə olublar".
Baş məşqçi bu nəticəni komandası üçün 1/8 finala vəsiqə baxımından çox yaxşı şans kimi dəyərləndirib: "Müxtəlif nöqteyi-nəzərdən bunu pozitiv qiymətləndirə bilərik. İlk yarıda çox yaxşı imkanlarımız oldu. 4-3-3 taktiki sxemi ilə oynadıq, bəzi futbolçuları orta sahəyə çəkdik. Bu sistemlə davam edəcəyik. Buraya gəldikdən öncə də demişdim ki, bizi çətin oyun gözləyir. Püşkatmada bəxtimizin gətirdiyini deməzdim. “Qarabağ”ın keyfiyyəti çox yüksəkdir. "Çelsi" ilə burada yaxşı oyun sərgiləmişdilər. Bu səviyyədə çıxış davamlı etmək, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır. Komandamıza inanırıq, ən yaxşılardanıq. Bu səviyyəyə gəlmək və dayanıqlılığı qorumaq çox vacibdir. Əsas fokusumuz oyunçular və keyfiyyət üzərindədir. Bu cür oyun nümayiş etdirmək və stabillik çox vacibdir. Bu, bizə ümid verir ki, əsas komandalardan biri olduğumuzu göstərək".
Hou pley-off mərhələsində bəxtlərinin gətirdiyi fikri ilə razılaşmayıb: "Qarabağ"ın oyunlarına çox baxmışam. Bu komandanın keyfiyyəti çox yüksəkdir. Bura gələndə bizə çox çətin olacağını bilirdik. Düzdür, qələbə qazandıq, amma rəqib çox da zəif deyil".
Qeyd edək ki, cavab görüşü fevralın 24-də keçiriləcək.













































































