"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis jurnalistlərin suallarını cavablandırmamışdan əvvəl oyun barədə fikirlərini bölüşüb:
- Hər iki komanda yaxşı oyun sərgilədi. Həm sürət, həm də ikili mübarizələr tərəfdən. Mən futbolçularımdan razı qaldım. Onlara təşəkkür edirəm. Belə işləsək, yüksək xalla çempionatı başa vura bilərik.
- Penalti vurmaq problemi ilə bağlı hər hansı bir addım olacaqmı?
- Penalti vurmaq psixoloji bir məsələdir. Adriel Ba Loua penaltiləri yaxşı yerinə yetirir. Lakin bu dəfə alınmadı. "Sumqayıt" çox yaxşı komandadır. Onlar baxımlı futbol oynayırlar. Oyunda qol olmasa da, azarkeşlərin bu matçdan zövq aldıqlarını düşünürəm. Penalti vurmağı da öyrənsək, daha yaxşı olacaq (gülür - red.).
- Qış fasiləsindən sonra, istədiyiniz komandanı formalaşdıra bilmisinizmi?
- Biz heyəti gücləndirdik. Bəzi futbolçular komandaya gec qoşulsa da, adaptasiya olduqlarını düşünürəm. Qış fasiləsindən sonra, müdafiədə daha yaxşı oynayırıq. Həyat özü bir mübarizədir. Biz də bu mübarizəni buraxmamalıyıq və sona qədər əlimizdən gələni etməliyik.
- Ötən oyunda mübahisəli epizodda Hakimlər Komitəsinin qərarı ilə razı qaldınızmı?
- Artıq oyun bitib. Məncə, nə isə demək yersiz olardı. Amma qol olduğunu söyləmək də istəyərdim.








































































