Elşən MƏMMƏDOV
Ayxan Abbasovun Quba Olimpiya İdman Kompleksinin (OİK) stadionunun qapıları barədə kinayəli açıqlamasını "Şamaxı" bir tərəfə, Azərbaycan milli komandasının baş məşqçisinə necə yaraşdırasan? Bilmədən oxuyan adamda elə fikir yaranır ki, sanki həqiqətən də qapılar 2,44 metr yox, 11 sm hündür, yəni, 2,55 metr olub.
Lakin Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq direktoru Sənan Abdullayevin cavabından üzə çıxır ki, qapıçı meydançasında çökəklik olub və çökək hissədən qapının üst dirəyinədək ölçəndə Ayxan Abbasovun dediyi qədər məsafə yaranıb. Abbasov bunu ironik tərzdə çatdırmaqla və "biz aradan qaldırdıq" deməklə, az qala özünü Milli Qəhrəman kimi təqdim edib.
Ümumiyyətlə, son zamanlar AFFA rəhbərliyinin, konkret, baş katib Cahangir Fərəcullayevin qıraqda durub, öz əməkdaşlarını PFL əleyhinə açıqlamalar verməyə sövq etməsinin səbəbini, kökündə nələrin dayandığını anlamaq mümkün deyil. Ötən tur dedilər ki, Quba OİK stadionunda oyun keçirməyə razılıq verən AFFA yox, PFL olub. İndi də millinin baş məşqçisi stadionun qapılarına lağ edir.
Görək, gələn dəfə nə danışacaqlar? Allah axırını xeyir eləsin...
Yəqin ki, Ayxan Abbasov Qurban Qurbanovun meydançanın ot örtüyü ilə bağlı açıqlamalarından ilhamlanıb. Amma daha düşünmür ki, bəlkə də "Qarabağ"ın baş məşqçisini elə danışmağa "Şamaxı" ilə ardıcıl iki oyunda üzləşdikləri çətinliklər vadar edib. Yəni, bir növ Şamaxı şəhər stadionunun acığını Quba OİK stadionundan çıxıb...
Əvvəlcə Azərbaycan Kubokunun 1/4 final oyununun dumanlı, göz-gözü görmədiyi havada, daha sonra Premyer Liqa oyununun qarlı meydançada keçirilməsi barədə Ayxan Abbasov heç bir narazılıq bildirmədi. Hətta meydançanı şəxsən təmizləyən Qurban Qurbanova quru "sağ ol" da demədi.
Özlərinin ümidinə qalsaydı, klubun 3-4 əməkdaşı meydançanı qaydasına sala bilməyəcəkdi. Məhz əlavə kömək sayəsində Şamaxı şəhər stadionu pis-yaxşı qarlı havada oynamağa münasib vəziyyətə çatdırıldı.
Amma hətta duman və qar olmasa belə, Şamaxı şəhər stadionunun Quba Olimpiya İdman Kompleksinin stadionundan nəyi üstündür? Sabah havalar isinəndə orada qızmar günəş şüaları altında futbolçular dillərini bir metr çölə çıxararaq oynayacaqlar. 3 tərəfdən səhralıqla əhatələnən və süni işıqlandırma sistemi olmayan meydança AFFA-nın balansındadır. Cahangir Fərəcullayev onu-bunu irəli verib danışdırmaqdansa, getsin öz tabeliklərindəki stadiona bir çarə qılsın, heç olmasa, Tovuz şəhər stadionundakı kimi yel əsəndə qırılmayan projektorlar quraşdırsın!
Qurban Qurbanov Şamaxıdakı ağır durumdan sonra Qubada da başqa bir problem gördükdə danışmaqda haqlı idi. Çünki belə meydançalardan sonra Çempionlar Liqasında "Nyukasl" önünə çıxacaqdı.
Bəs sizə nə olmuşdu, hörmətli Ayxan Abbasov?
Niyə Qurban Qurbanov əlinə kürək götürüb Şamaxı şəhər stadionunu təmizləyəndə belə danışmırdınız?
Məşhur mahnıda deyildiyi kimi,
Sən ki belə deyildin
Səni bir öyrədən var.