"MLS onun üçün əlavə çağırışdır. Futbolu yenidən rahatlıqla oynaya biləcəyi yerə gəlir".
Bunu Sportnet.az-a açıqlamasında hazırda ABŞ-da çalışan Azərbaycanın veteran futbolçusu Nicat Qurbanov "Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin "Kolambus Krü"yə transferini dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Axundzadə çox potensiallı, keyfiyyətli futbolçudur: "Fikrimcə, "Qarabağ"dakı son dönəmlərində onu yersiz tənqid edirdilər. Cəmi 22 yaşı var, son oyunlarını çıxsaq, gözəl də çıxış edirdi. Əlbəttə, psixoloji durumu yaxşı deyildi, üzərində basqılar var idi. Gənc futbolçudur, bunu öz üzərindən ata bilmədi. Sadəcə, dəstək olmaq lazımdır".
Qurbanov hazırda MLS-in inkişafda olduğunu bildirib: "Bəlkə də kimsə MLS-i zəif çempionat hesab edə bilər, amma hazırda bu liqada inkişaf gedir. Çünki 2026-cı il dünya çempionatı Kanada və Meksika ilə yanaşı, ABŞ-də də olacaq. Burada futbola maraq dəhşətli dərəcədə artıb. Klubların gücləndiyini, yaxşı futbolçuların gəldiyini görürük. Lionel Messi və Luis Suares kimi futbolçuları çıxmaq şərtilə yetərincə gənc oyunçular transfer edilməkdədir. "Kolambus"un heyətində də güclü futbolçular var. Yenicə portuqaliyalı Avropa çempionu Andre Qomeşi transfer etdilər. Vaxtilə İspaniyanın "Barselona" və İngiltərənin "Everton" komandalarında oynamış yarımmüdafiəçidir. Doğrudan da keyfiyyətli futbolçular var".
Sabiq yarımmüdafiəçinin fikrincə, Axundzadə gənc olduğu üçün üstünlüyə malikdir: "Düşünürəm ki, bu şansdan lazımınca yararlansa, daha yaxşı yerlərə gedə bilər. Bu yaxınlarda "Kolambus Krü"dən Fransa Liqa 1-ə bir futbolçu transfer olundu. Yəni, Nərimanın ABŞ-dən Avropaya getmək şansı da, burada qalıb daha yaxşı şəraitdə oynamaq imkanı da var. Özündən çox şey asılıdır. Oyunçu keyfiyyətlərini göstərsə, məşqlərdə yüz faizini verib oyunlara da yüz faiz konsentrasiya olunsa, oynaya biləcək".
Veteran futbolçu Axundzadənin hələlik əvəzedici komandada çıxış edəcəyinə dair xəbərlərə inanmadığını söyləyib: "Mən də oxumuşam, amma bu məsələ dəqiq deyil və inanmıram. Nərimanın ABŞ-yə gəlişi viza ilə əlaqədar gecikir. Ola bilər ki, gəldikdən sonra bir-iki oyunu əvəzedici komandada keçirsin. Artıq MLS start götürüb, ilk tur arxada qalıb. Oyun baxımından formaya düşdükdən sonra əsas heyətdə olacağı qənaətindəyəm. Çünki ondan ötrü bir milyondan çox ödəniş edilib. Bu qədər pulu əvəzedici heyətdə oynaması üçün verməzlər".
Qeyd edək ki, Nəriman Axundzadə "Kolambus Krü" ilə 2029-cu ilin iyununadək müqavilə bağlayıb.

















































































