"Oyun barədə şərh vermək istəmirəm. Kim cavabdehdirsə, o da versin. Bu, AFFA Hakimlər Komitəsi və oyunu idarə edən hakimlərdir. Onu deyə bilərəm ki, oyundan razıyam. Amma təəssüf ki, bu gün baş verənlər çox ağrıvericidir, futbola yaraşan deyil".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub səfərdə "Şamaxı" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Dumanlı havada oyunun davam etdirilməsi nə dərəcədə doğru idi?
- Bununla bağlı nə cavab verəcəyimi bilmirəm. Amma belə baxıram ki, VAR bizim əleyhimizə penalti olduğunu görüb. Hərçənd, bizim oyunçumuz zədələndi, amma hər şey tərsinə oldu. Cərimə zərbəsi bizim əleyhimizə verildi. Bunları biz görməsək də, onlar hansısa formada gördülər.
- Sizcə, Vensan Abubakarın oyuna ikinci hissədə qoşulması gec olmadı?
- Məncə, Abubakar birinci hissədən oynasaydı belə, heç nə dəyişməyəcəkdi. Onsuz da fasilədən sonra meydançaya çıxdı, 2 qol vurdu, öz işini gördü. Ona qədər bu işi Bassala Sambu görürdü. Abubakarı da, Sambunu da təbrik edirəm. İkisi də gözəl oyun göstərdi. Onu da əlavə edim ki, hakimlik hər yerdə belədir. Təkcə Azərbaycanda deyil, Ukrayna və digər ölkələrdə də eyni hal müşahidə olunmaqdadır. Əlbəttə, bu, klublar üçün məyusedicidir. Əlbəttə, buna görə özümü məyus hiss edirəm. Amma sanki irəli getməyimizi istəmirlər. Biz irəli getdikcə, başımızı yuxarıdan-aşağıya doğru basırlar. Amma biz dayanmayacağıq, davam edəcəyik. Əsas məsələ budur. Çünki bizdə iradə var. İradəsi olan komanda hər zaman irəli gedəcək. Yalnız güclülər bu yolu irəliləməyə davam edirlər. Sizdən üzr istəyirəm ki, daha suallara cavab verməyəcəyəm. Əhval-ruhiyyəm o formada deyil. Başqa vaxt bütün suallarınıza ətraflı cavab verəcəyəm.















































































