ABŞ və Belçika milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunu yalnız nəticə ilə deyil, komandaların seçdiyi formalarla da diqqət çəkib.
Sportnet.az xəbər verir ki, ABŞ yığması meydançaya ağ rəngli, incə qırmızı zolaqlı ev forması ilə çıxıb.
Belçika isə səfər dəstində – açıq mavi və çəhrayı detallarla bəzədilmiş formada oynayıb.
Bu seçim uzaqdan kifayət qədər oxşar göründüyü üçün bəzi epizodlarda oyunu izləyənlər üçün çətinlik yaradıb. Xüsusilə televiziya yayımı zamanı hansı komandanın topa sahib olduğunu və oyunçuların meydandakı düzülüşünü ayırd etmək çətin olub.
Qeyd edək ki, qarşılaşmada hesabı 39-cu dəqiqədə açan Ueston MakKenni olub. Ardınca Belçika millisi Zeno Debast, Amadu Onana, Şarl De Ketelare və dubl edən Dodi Lukebakio ilə fərqlənərək böyükhesablı qələbə qazanıb. ABŞ-da isə son sözü Patrik Aqyemanq deyib. Beləliklə, Belçika 5:2 hesabı ilə qalib gəlib.
2026-cı il dünya çempionatında ABŞ millisi D qrupunda Paraqvay, Avstraliya və keçid pley-off mərhələsindən gələn komandalardan biri ilə üz-üzə gələcək. Belçika isə Misir, İran və Yeni Zelandiya ilə eyni qrupda mübarizə aparacaq.








































































