Azərbaycan millisinin müdafiəçisi Abdulla Rzayev Syerra Leone yığmasına penaltilər seriyasına qalib gəldikləri matçdan sonra müsahibə verib.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı futbolçu oyun haqda təəsüratlarını bölüşüb:
- Çətin keçdi. Yaxşı hazırlaşmışdıq və rəqibin zəif olmadığını bilirdik. Qələbə qazandığımız üçün xoşbəxtəm. Komanda xarakter göstərdi. Millimizdə əlimizdən gələnin ən yaxşısını etməliyik. Azarkeşlərimizə də bizi sona kimi dəstəklədikləri üçün təşəkkür edirəm.
- Bu turnir millidə debütünüzlə yadda qaldı. Bununla bağlı nə deyə bilərsiniz?
– Çox sevincliyəm. Mənim üçün milliyə çağırılmaq qürurvericidir. Burada ölkəmizi təmsil edirik. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək.
- Turnir millimizin ilk titulunu qazanması ilə yadda qaldı...
– Çox sevindirici haldır. Turnirdə qalib olmaq əlbəttə gözəl hissdir. Çalışacağıq ki, daha güclü çempionatlarda rəqiblərə qarşı yaxşı oynayaq və qələbə qazanaq. Millimiz qələbəyə ac bir komandadır. Biz də çalışacağıq ki, hamını sevindirək.
- Oyunun penaltilər seriyasına gedəcəyi gözlənilən idi?
- Xeyr. Bu, futboldur və əvvəlcədən nəsə demək olmur. Təbii ki, penaltilərə qalmadan qələbə qazanmaq istəyirdik.
- “Şamaxı”dan komanda yoldaşlarınızdan millidə görmək istədiyin başqa kimlər var?
- Ad çəkməyim düzgün olmazdı. Nəinki komanda yoldaşlarım, layiq olan hər kəsi millidə görmək istəyərdim. Bu, çox qürurverici hisdir.
Mikayıl HACIYEV









































































