"Qarabağ" üzərində möhtəşəm qələbəmizdən sonra 3 günlük fasilə oldu. Əsasən fiziki hazırlığımızı yaxşılaşdırmağa çalışdıq.
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Əli Səmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
28 yaşlı yarımmüdafiəçi milli fasilə zamanı komandanın hazırlıq səviyyəsinin artırılması üzərində çalışdıqlarını diqqətə çatdırıb: "4-5 gün ərzində bəzən gündə bir dəfə, bəzən də iki dəfə məşqlər edirdik. Ağır məşqlərimiz oldu. Hamımız can-başla işlədik. Düşünürəm ki, fiziki hazırlıq baxımdan hər şey qaydasındadır. Yavaş-yavaş bu tempimizi qoruyub saxlayırıq".
Səmədov "Qəbələ" ilə oyunun hazırlıq prosesindən də danışıb: "Onlar turnir cədvəlində əsas rəqiblərimizdən biridir. Mütləq qələbə qazanmalıyıq. Enmə zolağından uzaqlaşaraq yuxarılarda möhkəmlənməliyik. Bu baxımdan qalib gəlmək bizim üçün çox vacibdir".
Yarımmüdafiəçi, həmçinin komandaya azarkeş dəstəyindən bəhs edib: "Hər matç bizə dəstəklərini hiss etdirdikləri üçün sağ olsunlar. Oyundan-oyuna sayları artmağa davam edir. Onsuz fan-klublarımız da az deyil. Hamısına dərin təşəkkürümü bildirirəm. "Qarabağ"la oyunda da dəstəklərini gördük. İnanırıq ki, hər oyunda bunu görəcəyik".
Qeyd edək ki, aprelin 5-də Yevlax şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qəbələ" matçı saat 15:30-da başlanacaq. 25 turdan sonra "sarı-göylər" 21 xalla 10-cu, "qırmızı-qaralar" 16 xalla 11-ci yerdə gedir.













































































