Azərbaycan premyer-liqasının 26-cı turunun açılış qarşılaşmasında “Qəbələ” “Kəpəz”ə qalib gəldi - 2:0.
Sportnet.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Qəbələ”nin çalışdırıcısı Kaxaber Sxadadze media önünə çıxıb.
- Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çox çalışdılar. Yaxşı oyun göstərdilər. Startda gərginlik var idi. İkinci yarıda rəqibin şansı olmadı. Daha yaxşı oynadıq. Bundan sonra bizim üçün hər oyun final kimidi. Biz göstərdik ki, futbol oynaya bilərik.
- Milli fasilədə sanki rəhbərlik səviyyəsində futbolçularla danışıq olub?
- Əlbəttə. Təqvim də ağır idi. Heyətin 90%-i oruc tuturdu. Nəticə yaxşı olmayanda da təsir göstərirdi. Akinade oruc tuturdu, fiziki durumu yaxşı deyildi. Onlar da başa düşür ki, “Qəbələ” necə klubdu.
- Xaymenin yerinə başqa variantlar da var idi, amma siz Ovusuya şans verdiz.
- Hücum potensialını artırdıq. Rəqib də bunu gözləmirdi. Şahin və Eşqin U-21-in millisində oynamışdı. Şahin 11 km qaçmışdı. Eşqin zədələndi, belə də oynadı.
- Son oyunlardan sonra sizə “istefa” şüarları səslənirdi. Bu dövrü necə keçdiz?
- Komanda uduzanda hər yerdə məşqçi günahkar olur. Onları başa düşürəm. Azarkeşlərlə görüşdüm, onlara xahiş etdim ki, belə etməsinlər. Onlara izah etdim ki, buna rəhbərlik qərar verir. Sağ olsunlar, təşəkkür edirəm ki, gəliblər. Dünən Səbuhi Səfiyarlı gəldi, mən və futbolçularla görüşdü. Bu da çox təsir etdi.
- Sizcə, FİFA Series millimiz üçün uğurlu idi?
- Çox yaxşı oynadılar. Ayxan Abbasov komandaı toparlaya bilib. Səmimi qəlbdən təbrik edirəm. Tənqid etmək olmaz. Rəqibləri də zəif adlandırmaq olmaz. Əsas qələbədi. Hamı milli komandaya azarkeşlik etməlidi.











































































