Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçeskunun son durumu bəlli olub.
Sportnet.az xəbər verir ki, Rumıniyanın səhiyyə naziri Aleksandru Roqobete CNN telekanalına açıqlamasında 80 yaşlı mütəxəssisin vəziyyətinin ağır olduğunu təsdiqləyib.
“Təəssüf ki, vəziyyəti kritikdir. Reanimasiyadadır və son 24 - 48 saat ərzində durumu daha da pisləşib. Əlimdə olan və ictimaiyyətə açıqlaya biləcəyim məlumat budur", - deyə o diqqətə çatdırıb.
Luçesku martın 26-da Türkiyə milli komandası ilə oyundan sonra martın 29-da düşərgədə özünü pis hiss edərək xəstəxanaya yerləşdirilib. İlkin mərhələdə vəziyyətinin stabilləşdiyi və yaxın vaxtlarda evə buraxılacağı gözlənilsə də, sonradan onun ikinci dəfə infarkt keçirdiyi bildirilib.
Məlumata görə, Luçeskunun ürəyi 3 dəfə dayanıb və həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarılıb. Hazırda o, reanimasiya şöbəsində müalicə alır.
Qeyd edək ki, Rumıniya Futbol Federasiyası aprelin 2-də Mirça Luçesku ilə yolların ayrıldığını rəsmən açıqlayıb.












































































