"Sabah"ın futbolçusu Timoteuş Puxaçın səfərdə "Araz-Naxçıvan"ı 4:2 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra Sportnet.az-a müsahibəsi:
- Oyun haqda fikirləriniz necədir?
- Komandamı təbrik edirəm. İlk hissədə buraxdığımız qollar "axmaqca" idi. Çox top itkisinə yol verdik. Lakin əzmkar oyun göstərərək, iki dəfə hesabda geriyə düşməyimizə baxmayaraq, hissə sonuna qədər hesabı bərabərləşdirdik. İkinci hissədə də mübarizəmizi davam etdirərək fərqi öz xeyrimizə dəyişdik. 2 top geriyə düşmək bizim üçün nadirən baş verən hal olsa da, yaxşı toparlandıq.
- Sayılmayan qol epizodu zamanı rəqinin baş məşqçisi Andrey Demçenko sizə nə deməyə çalışırdı?
- Bilmirəm. Situasiyanı görmədim. Qolun ləğv olunma səbəbini də anlamadım. Heç biri məni maraqlandırmır.
- Bəs onların baş məşqçisi sizə nə deyirdi?
- Mən ukraynca başa düşmürəm, danışa bilmirəm.
- Bu qələbə ilə özünüzü çempionluq yolunda daha özgüvənli hiss edirsiniz?
- Bizim inancımız turnir cədvəlindəki yerimizdən yox, öz üzərimizdə ağır çalışmağımızdan irəli gəlir. Özgüvənliyik, çünki mövsümün əvvəlindən öz üzərimizdə dayanmadan çalışırıq.
- "Sabah"da xoşbəxtsiniz?
- Bəli, burada özümü rahat hiss edirəm. Komanda yoldaşlarımı, baş məşqçimi, bəyənirəm. Bakı çox gözəldir. Bəlkə də, karyeramın ən yaxşı mövsümlərindən birini keçirirəm. Lakin hər şey mənim istəyimlə bağlı deyil. Təbii ki, burada klub faktoru da var. Hazırda öz oyunumu daha da yaxşılaşdırmağa fokuslanmışam.
Mikayıl HACIYEV












































































