AFFA İntizam Komitəsinin “Turan Tovuz”la bağlı qərarı maraqlı və mübahisəli məqamlar ortaya çıxarır. Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin açıqlamalarına görə cəza birbaşa ona deyil, təmsil etdiyi kluba tətbiq olunub.
Bu isə belə bir sual doğurur: 15 min manatlıq cərimənin məsuliyyəti kimə aiddir? Qərarın məntiqindən belə çıxır ki, “Turan Tovuz”u ziyana salan AFFA yox, məhz Ehtiram Quliyevdir. Yəni klub öz rəhbərinin açıqlamalarına görə cəzalandırılıb.
Halbuki reallıq fərqlidir. Ehtiram Quliyev klubun həm rəhbəri, həm də əsas sponsorudur. “Hünər Qrup”un dəstəyi olmadan “Turan Tovuz”un mövcudluğu sual altına düşərdi. Belə olan halda, klubun rəhbərinə görə yenə klubun cəzalandırılması nə dərəcədə ədalətlidir?
Dolayısı ilə ortaya başqa bir mesaj çıxır: maliyyəni verən də AFFA-dırsa, lazım olanda həmin vəsaiti müxtəlif cərimələrlə geri ala bilər. Bu yanaşma isə istər-istəməz futbol ictimaiyyətində narahatlıq yaradır.
AFFA prezidenti Rövşən Nəcəfin “Pulu verən də, cərimələyən də biziksə, necə demək olar ki, AFFA klubları soyur?” fikri də bu kontekstdə fərqli yozula bilər. Çünki məsələnin yalnız maliyyə tərəfi yox, həm də hüquqi və etik tərəfi var.
Əsas suallardan biri də budur: niyə cəza mexanizmi fərqli tətbiq olunur? Futbolçular və baş məşqçilər konkret qayda pozuntularına görə fərdi şəkildə cəzalandırılır. Bəs klub rəhbərləri üçün niyə eyni prinsip işləmir?
Məsələn, Türkiyə təcrübəsində bu cür hallarda klub rəsmiləri müəyyən müddətə futboldan uzaqlaşdırılır, stadionlara girişləri qadağan olunur. Doğrudan da AFFA-nın nüfuzuna xələl gətirən açıqlama verilibsə, eyni yanaşma burada da tətbiq oluna bilərdi.
Əks halda, klubla onun rəhbərini üz-üzə qoymaq kimi bir vəziyyət yaranır ki, bu da sağlam idarəçilik məntiqinə uyğun görünmür.
Digər tərəfdən, məsələnin kökündə duran səbəb də unudulmamalıdır. Ehtiram Quliyevin sərt açıqlamaları “Zirə” ilə Azərbaycan Kubokunun yarımfinal oyununda baş hakim Əliyar Ağayevin iki penalti epizodunu qiymətləndirməməsi ilə bağlı idi.
Sonradan AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bu epizodlarda səhv olduğunu təsdiqlədi. Lakin nə baş hakim, nə də VAR hakimi ilə bağlı konkret və rəsmi cəza ictimaiyyətə açıqlandı. Sadəcə, onların növbəti turun oyunlarına təyinat almaması ilə kifayətlənildi.
Bu isə başqa bir sual yaradır: niyə hakimlərlə bağlı qərarlar şəffaf şəkildə açıqlanmır?
Nəticə etibarilə, mövcud vəziyyət AFFA-nın cəza siyasətində ardıcıllıq və şəffaflıq məsələsini yenidən gündəmə gətirir. Eyni prinsip hamıya tətbiq olunmadıqca isə bu cür qərarların müzakirəsi və tənqidi qaçılmaz olaraq qalacaq.