Bu gün "Turan Tovuz" Azərbaycan Premyer Liqasında tarixi oyuna çıxacaq.
Sportnet.az xəbər verir ki, komanda doğma Tovuz şəhər stadionunda XXIX tur matçında "Zirə"yə qalib gəlsə, avrokuboklara vəsiqə qazanacaq.
28 turdan sonra "bozqurdlar" 55 xalla 3-cü, "qartallar" 45 xalla 4-cü yerdə gedir. Meydan sahibləri qələbə qazanacağına halda, xal fərqi 13-ə yüksələcək. Beləliklə, qalan 4 turda fərqi aradan qaldırmaq baş məşqçi Rəşad Sadıqovun komandası üçün riyazi cəhətdən də mümkün olmayacaq.
Ən azı UEFA Konfrans Liqasında oynamağı təmin etmiş Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv isə qarşıdakı turlarda Avropa Liqasına vəsiqə şansı verən 2-ci pilləyə yüksəlməyə çalışacaq. Hazırda 2-ci yerdə gedən "Qarabağ" ilə "Turan Tovuz" arasında xal fərqi 4-ə bərabərdir.
Qeyd edək ki, Tovuz komandası sonuncu dəfə 1994/1995 mövsümündə avrokuboklarda çıxış edib. Həmin vaxt "Turan" UEFA Kubokunun təsnifat mərhələsində Türkiyə təmsilçisi "Fənərbağça" ilə qarşılaşıb və hər iki oyunda uduzub - 0:5, 0:2. Bununla belə, "Turan" Azərbycanı avrokuboklarda təmsil etmiş ilk klub kimi tarixə düşüb.
İndi Tovuzun yeni təmsilçisi "Turan Tovuz" öz tarixində ilk, doğma rayonunun tarixində isə 32 ildən sonra avrokuboklara vəsiqə şansı qazanıb.
Qeyd edək ki, saat 18:00-da başlanacaq oyunu baş hakim Rəvan Həmzəzadə idarə edəcək.






































































