Əvəzedicilər Liqasında XXVI turun "Sabah-2" - "Neftçi-2" matçında futbolçular arasında dava düşüb.
Sportnet.az xəbər verir ki, münaqişə Bayıl stadionunda təşkil olunmuş görüşün 68-ci dəqiqəsində nominal meydan sahiblərinin hücumu zamanı yaşanıb.
Əhməd Tanrıverdiyevdən topu alan qonaq komandanın futbolçusu Həsən Mahmudov irəliləmək istədiyi vaxt "Sabah-2"nin oyunçusu Əli Əlizadə onun ayağına sərt zərbə endirərək yerə yıxıb.
Nəticədə digər futbolçular da hadisə yerinə özlərini çatdırıb və tərəflər arasında insident baş verib.
Baş hakim İslam Məmmədov Əlizadəni ikinci sarıdan, Mahmudovu isə birbaşa qırmızı vərəqə ilə meydançadan qovub. Bu isə "Neftçi-2" üzvləri arasında narazılıq yaradıb. Əlizadə paltardəyişmə otağına yollansa da, Mahmudov əsəbi formada tribunaya qalxıb.
Qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılan "Sabah-2" xalını 56-ya yüksəldib və birinci pillədə möhkəmlənib. "Neftçi-2" isə 50 xalla 3-cüdür. 52 xalla 2-ci yerdə gedən "Qəbələ-2" mayın 17-də səfər matçında "Şamaxı-2"yə uduzsa, "Sabah-2" sona 1 tur qalmış Əvəzedicilər Liqasının çempionluğunu təmin edəcək.
Sportnet.az həmin görüntüləri təqdim edir:
















































































