1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Böyük oyun”un Abdullayevi və ya XXI tur nələrlə yadda qaldı?
Azərbaycan Premyer Liqası qış fasiləsindən sonra intensivliyini artırır. Artıq 3 tur arxada qalıb və əksər oyunlarda gərgin mübarizənin şahidi oluruq. Təsadüfi deyil ki, bu müddətdə keçirilən 15 oyunun cəmi 2-də böyükhesablı qələbə ("Kəpəz” – "Qəbələ” 3:0 və "Qarabağ” – "Xəzər Lənkəran” 3:0) qeydə alınıb. Son turda isə belə nəticə ümumiyyətlə, olmayıb. Bəs XXI başqa hansı məqamlarla yadda qaldı? Sportnet.az turun təhlilini təqdim edir...
Yerli futbolçular ön planda oldular
Turda ilk növbədə yerli futbolçuların daha çox fərqlənmələrini qeyd etməliyik. Təsadüfi deyil ki, vurulan 8 qoldan yarıdan çoxu – 5-i azərbaycanlı oyunçuların payına düşüb. Mərkəzi "Kəpəz” – "Qarabağ” matçında ümumiyyətlə, özümüzünkülər fərqləniblər. Özü də hər 3 futbolçu – Rəşad Sadıqov, Əfran İsmayılov (hər ikisi "Qarabağ”) və Namiq Ələsgərov ("Kəpəz”) millimizin üzvləridir. Elşən Abdullayevlə ("Neftçi”) və Yamin Ağakərimzadə ("Rəvan”) isə digər 2 qolun müəllifi olan azərbaycanlılardır. Legionerlərdən "Zirə”nin salvadorlu hücumçusu Nelson Bonilya vurduğu 2 qolla həm komandasına qələbə qazandırıb, həm də turun yeganə "dubl"unun müəllifi olub. "Qəbələ”nin bosniyalı hücumçusu Ermin Zetsin də Bonilya kimi hesabında 6 qol var (ölkə kubokunu da nəzərə alsaq) və komandasının bombardiridir.
"Kəpəz” Gəncədə yalnız "Qarabağ”a uduzur
"Kəpəz" - "Qarabağ" matçı turun mərkəzi oyunu adına layiq oldu. 20 mindən çox azarkeşin toplaşdığı Gəncə şəhər stadionunda baxımlı futbola şahidlik etdik. Bu qarşılaşmada bir çox məqamlar vardı – həmin gün meydanda ən yaşlı, təcrübəli futbolçu olan Rəşad Sadıqovun cari mövsümdə ilk dəfə fərqlənməsi və daha sonra başının al qana bulanması, Namiq Ələsgərovun müqavilə ilə məxsus olduğu "Qarabağ”ın qapısına yol tapması və qolunu qeyd etməməsi, Əfran İsmayılovun ifasında künc zərbəsindən birbaşa tora qovuşan qələbə topu. Qış fasiləsindən sonra Gəncədə ardıcıl 2 qələbə ilə başlayan (qol da buraxmayan) "Kəpəz” bunun davamını gətirə bilməyib. "Qarabağ” Nizami yurdunun təmsilçisini cari çempionatda ardıcıl 3-cü dəfə məğlub etməklə, onun üçün arzuolunmaz rəqib olduğunu bir daha göstərib. Özü də maraqlıdır ki, "Kəpəz” cari mövsümdə öz meydanında yalnız "Qarabağ”a uduzub. Həm V (2:3), həm də XXI turda (1:2) məğlubiyyətlər 1 top fərqi ilə olub.
Üçüncü dövrənin lideri "Zirə” oldu
"Kəpəz”in büdrəməsi ilə "Zirə” üçüncü dövrənin liderinə çevrilib. Adil Şükürovun komandası hər 3 oyunda meydanı qalib tərk edib və həm də hamısında 2 qol vurub. Zirədəki oyunlarda həm hesab, həm də ssenari eyni olub. Yəni 2:1 hesablı qələbə ilə nəticələnən "İnter” və "Rəvan”la matçlarda ilk qol fasiləyədək meydan sahiblərindən gəlir, ikinci hissədə özü oyuna mərkəzdən başlamağa məcbur olur və son dəqiqələrdə qələbə topunu vurur. Onu da bildirək ki, "Rəvan” Bəhmən Həsənovun vaxtında "Zirə”yə böyük çətinliklər yaşadır. İkinci dövrədə evdə rəqibini 1:0 hesabı ilə məğlub etmiş "Rəvan” bu dəfə səfərdə xal almağa çox yaxın olub. Onu da nəzərə alaq ki, hər 2 komanda ötən mövsüm I Divizionda çıxış edib.
1:0 hesablı ev qələbələri və "Qəbələ” 3-cü pilləni qaytardı
"Neftçi" ilə "Xəzər Lənkəran"ın qüvvələr nisbətində böyük fərq olsa da, prinsipial rəqiblərin mübarizəsi yenə gərginliyi ilə yadda qalıb. "Böyük oyun”da yenə Abdullayev faktoru sözünü deyib. "Neftçi” Lənkəranda, "Fırtınalar meydanı”nda ilk qələbəsini qazandığı matçda (2:0) bu soyad ön planda olub. Diqqət yetirək: klubun rəhbəri Çingiz Abdullayev, baş məşqçisi Əsgər Abdullayev və 1 qol, 1 məhsuldar ötürmə edərək qələbə böyük pay sahibi olan Elşən Abdullayev. 21 yaşlılardan ibarət yığmamızın üzvü olan gənc yarımmüdafiəçi yenə səhnəyə çıxıb. Bu dəfə oyunun sonuna 3 dəqiqə qalmış "Xəzər Lənkəran”ın qapısına yol tapan Elşən Abdullayev artıq rəqibinin qəniminə çervilib. Futbolçu Abdullayevin qol sevinci elə böyük olub ki, qeyd edərkən formasını çıxararaq sarı vərəqə almaqdan çəkinməyib. İstənilən halda, Elbrus Məmmədovun gənclərdən formalaşdırdığı "Xəzər Lənkəran”ın döyüşkən heyəti öz oyunu ilə ən xoş sözlərə layiq olub.
"Neftçi” kimi "Qəbələ” də turnir cədvəlində aşağıda gedən komandanı qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Burada da meydan sahibləri rəqibin ciddi müqaviməti ilə üzləşib və qələbə topunu fasilədən sonra vura bilib. "Kəpəz”in məğlub olması Roman Qriqorçukun komandasına rəqibi arxada qoyaraq, 3-cü pilləni qaytarmağa imkan verib. "Sumqayıt” isə qış fasiləsindən sonra ən uğursuz komandadır – nə xal qazana, nə də qol vura bilib. "Gənclik şəhəri”nin təmsilçisinin qələbəsiz seriyası artıq 5 oyuna çatıb.
"İnter”in ilk xalı və AZAL-ın 1 ildir ona qol vura bilməməyi
Turun yeganə heç-heçəsi, qol vurulmayan matçı Şüvəlanda olub. Mükafatlara iddialı "İnter” qış fasiləsindən sonra ilk xalını qazana bilib. AZAL isə 1 ildir rəqibini nəinki yenə, hətta qapısına da yol tapa bilmir. Sonuncu qol ötən ilin fevralın 19-da "AZAL Arena”da 1:1 hesabı ilə bitən matçda olub. Hərçənd, "İnter” tarixində ən böyükhesablı məğlubiyyəti məhz "təyyarəçilər”dən alıb. Bu, 2010-cu ilin oktyabrın 16-na təsadüf edib - 0:5. Oyunun "Şəfa” stadionunda keçirildiyini (onda AZAL rəqiblərini orada qəbul edirdi) nəzərə alsaq, "bankirlər” həmin ağır yenilgini evdə almış sayılır.
Mehman SÜLEYMANOV