"Qarabağ” Azərbaycan Premyer Liqasının bombardirlər yarışında hegemonluğu ələ keçirib.
Sportnet.az-ın məlumatına görə, cari çempionatın ən sərrast oyunçuları sıralamasında Ağdam klubunun təmsilçiləri artıb.
Bu, "Neftçi” ilə matçdan sonra baş verib. 8 qolla lider olan braziliyalı yarımmüdafiəçi Riçard Almeydanın ən yaxın izləyicisi komanda yoldaşı Dani Kintana olub. 29 yaşlı ispaniyalı yarımmüdafiəçi "Neftçi” ilə ev oyununda fərqlənməklə debüt etdiyi çempionatımızda 7-ci qolunu vurub. Dani qədər fərqlənən "Neftçi”nin hücumçusu Ruslan Qurbanov və "Zirə"nin forvardı Nelson Bonilyadır.
"Neftçi” ilə oyunda hesabı açan Samuel Armenteros isə 6-cı qolunu vurub və o da Almeydaya yaxınlaşıb. Beləliklə, "Qarabağ” bombardirlər siyahısının yuxarı pillələrində ən çox (3) təmsilçisi olan komandadır.
Dani bu mövsüm, elə "Neftçi” ilə ev oyununda istifadəyə verilən "Azərsun Arena”nın bombardiridir. İlk 2 qolunu səfər matçlarında vuran Kintana ardından 5 dəfə "Qarabağ”ın öz meydanında fərqlənib. Bu, "Kəpəz” (3:0), "İnter” (1:0), "Sumqayıt” (2:2), "Xəzər Lənkəran” (3:0) və "Neftçi” (2:0) ilə oyunlarda olub. Daninin daha çox paytaxt klublarının qapısına yol tapması (7 qoldan 4-ü), daha çox ikinci hissədə (7 qoldan 5-ni) fərqlənməsi də diqqət çəkir.
Qeyd edək ki, Dani Kintana ilə Samuel Armenteros vurduğu qollarla "Qarabağ”a cari mövsümdə "Neftçi” üzərində ilk qələbəni qazandırıblar - 2:0.
Mehman SÜLEYMANOV