"Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muarem Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi”yə 2:0 hesablı qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, ikinci hissədə meydana çıxaraq məhsuldar ötürmə edən legioner ilk olaraq qalib gəldikləri görüş haqda düşüncələrini bölüşüb.
- "Neftçi” son vaxtlar yaxşı oyun göstərir. Biz onları izləyirdik. Çətin matç olacağını bilərək yaxşı hazırlaşmışdıq. Üç xal qazandığımız üçün şadıq.
- Rəqibiniz əvvəlki dövrlərlə müqayisədə necə təsir bağışlayırdı?
- "Neftçi” heyət baxımından gəncə komandadır. Kənardan göründüyü kimi deyil. Meydanda əsl rəqibə çətin anlar yaşadır. Yaxşı oyandılar, yaxşı mübarizə apardılar.
- Ancaq əvvəlki "Neftçi” deyil...
- Yavaş-yavaş əvvəlki "Neftçi” kimi olacaq. Demək olar ki, hamısı gənc futbolçulardır.
- Bəs sən əvvəlki Muarem ola biləcəksən?
- İnşallah. Yavaş-yavaş formaya düşürəm. Bildiyimiz kimi, Türkiyədə çox oynamadım. 5 ayda sadəcə, 3 matça çıxdım. İnşallah, əvvəlki formama qayıtmaq istəyirəm.
- Oyun praktikanın azlığını hiss edirsən?
- Yüz faiz. Bu, normaldır. Futbolçu çox oynamayanda 100 faiz formadan düşür. İnşallah, məşqlərdə çalışaraq əvvəlki formamı bərpa edəcəyimi düşünürəm.
- Çox adam "Qarabağ” – "Neftçi” matçından aqressiv, bol qollu matç gözləyirdi. Ancaq sakit bir oyun oldu...
- Belə olması lazımdır. Qızğın bir matç keçməsinə gərək yoxdur.
- Onu nəzərə alaq ki, Azərbaycanın ən üzdə olan 2 komandasının görüşü idi və çox sakit məcrada keçdi...
- Məncə, yalnız bu yox, hər matçda belə olması lazımdır. Hər 2 komanda intizamlı oynadı, zədəsiz keçdi.
- "Neftçi”yə ilk 2 dövrədə qalib gələ bilməmişdiniz. Baş məşqçi Qurban Qurbanov tərəfindən mütləq qələbə qazanmaqla bağlı sizə xüsusi tapşırıq verilmişdimi?
- Əslində, baş məşqçimiz tərəfindən elə bir tapşırıq olmamışdı. Sadəcə, yaxşı oynadıq və Qurban Qurbanov bizə bunu söylədi.
- İkinci hissədə meydana çıxaraq qol ötürməsi etdin. Növbəti matçlarda əsas heyətdə yer alacağını gözləyirsən?
- İnşallah. Mən hər məşqdə maksimum çalışıram. Keçən həftə məşqdə zədə aldığımdan "Kəpəz”lə matçda oynamadım. Fərq etməz, baş məşqçi kimə şans verirsə, onun oynaması lazımdır.
- Rəqiblərinizin çoxundan böyük xal fərqi ilə ayrılmısınız. Belə demək olarmı ki, martın ortalarında çempionluğu artıq böyük ölçüdə həll etmiş olacaqsınız?
- Biz onsuz da 1-ci yerdə olmaq üçün çalışırıq. Çempionluq haqda danışmaq hələ bir az tezdir. Hələ çox matç var. Üstəlik, ölkə kubokunda da mübarizə var.
- Qarşıda "İnter”lə matç var. Bu oyun haqda nə düşünürsən?
- "İnter” qış fasiləsindən sonra ilk qələbəsini bu tur qazandı. "Kəpəz”lə həmin matçı izlədik. Hər növbəti rəqibimizin matçını hər zaman diqqətdə saxlayırıq. "İnter” yaxşı komandadır. Onlar da turnir cədvəlinin yuxarı pillələrində yer almaq üçün çalışırlar. Çətin matç olacaq, süni örtükdə oynayacağıq. "Qarabağ”da komanda yoldaşım olmuş Vüqar Nadirova qarşı oynamaq da maraqlı olacaq.
- Əvvəllər meydanda Reynaldo ilə yaxşı anlaşırdın. Bəs indi Samuel Armenterosla necə?
- Şükürlər olsun ki, hər kəslə yaxşı anlaşırıq. Bu baxımdan, sıxıntımız yoxdur.
Mehman SÜLEYMANOV