
"Qarabağ” son qalibi olduğu Azərbaycan kubokunda uğurlu seriyaya malikdir. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu turnirin hazırkı iştirakçıları arasında ən uzun müddətdir uduzmayandır. Belə ki, Qurban Qurbanovun yetirmələri ölkə kubokunda ötən mövsümü məğlubiyyətsiz başa vurublar. Bu 6 oyun 5 qələbə və 1 heç-heçədən ibarət olub. "Qarabağ” kubokda axırıncı dəfə düz 2 il öncə uduzub. Bu, 2014-cü ilin martında, elə 1/4 finalda "Qəbələ”yə evdə 1:2 hesablı məğlubiyyətdir.
Bu mərhələnin iştirakçılarından "Rəvan” ilə "Zirə” ötən mövsüm birinci divizion təmsilçiləri kimi kuboka qatılaraq 1/8 finalda mübarizəni dayandırdılar. İndi onlar Premyer Liqa təmsilçiləri kimi daha irəli gediblər.
Qeyd edək ki, "Qarabağ” ötən mövsüm Qəbələdə keçirilən kubokun finalında "Neftçi”ni 3:1 hesabı ilə məğlub etdi. Bu, Qurban Qurbanovun vaxtında ilk "qızıl dubl”, onun rəhbərliyi altında qazanılan 2-ci kubok idi.
Mehman Süleymanov