"Zirə” cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Sportnet.az-ın məlumatına görə, Zirənin eyniadlı təmsilçisi Premyer Liqada debüt ilində öz meydanında yenilməyib. Komanda yüksək liqaya çıxandan sonra ilk dəfə kubokda uduzub. Bu, turnirin 1/4 final mərhələsində "Qəbələ” ilə ilk oyunda olub – 1:2.
"Qəbələ” braziliyalı kapitanı Dodo zədədən sonra qayıdışını Azərbaycan Kubokunda yubiley matçında (15-ci oyun) həm qolla qeyd edib, həm də qələbə topu ilə rəqibini 10 aydan sonra evdə məğlubiyyətlə barışdırıb. "Zirə” sonuncu dəfə öz meydanında birinci divizionda çıxış etdiyi zamanı – mayın 14-də keçirilən 28-ci turda lider "Neftçala”ya uduzmuşdu – 1:3. Zirəlilər bundan 293 gün sonra doğma publikası gözü qarşısında məğlub oldu.
Göründüyü kimi, "Qəbələ” "Zirə”ni Premyer Liqa təmsilçisi olandan sonra onun meydanında yenən ilk komanda kimi tarixə düşüb. Bununla belə, Adil Şükürovun yetirmələrinin çempionatda evdə məğlubedilməz seriyası davam edir.
Qeyd edək ki, birinci divizionda ötən mövsüm 5-ci yeri tutan "Zirə” AFFA-nın lisenziyalaşdırılma tələblərinə cavab verdiyi üçün Premyer Liqaya buraxılıb.
Mehman Süleymanov