"Zirə”nin futbolçusu Tərzin Cahangirovun Sportnet.az-a müsahibəsi
- Komandanız çempionatda qış fasiləsindən sonra 5 oyunda 5 qələbə qazansa da, kubokda uğursuzluğa düçar oldu. "Qəbələ”yə evdə məğlubiyyətin əsas səbəbini nədə görürsən?
- Ağır matç oldu. Məncə, hesab oyuna görə olmadı. Buraxdığımız qollar standart vəziyyətlərdən, öz səhvlərimizdən oldu. Düzdür, "Qəbələ” güclü, yaxşı futbolçulara sahib komandadır. Bizimlə müqayisədə təcrübəsi böyükdür. Qələbə üçün əlimizdən gələni etdik. Qismət belə imiş.
- Qəbələ sənə yaxşı tanış olan məkandır. Səncə, orada cavab matçında 2 qolla qalib gəlmək nə dərəcədə realdır?
- Kubokda evdə uduzmuşuq deyə, bütün diqqətimizi çempionata yönəltmək düzgün olmazdı. Hələ qarşıda cavab oyunu var. Bizim üçün həm çempionat, həm də kubok önəmlidir. Avroliqada gedən yol kubokdan bizə daha rahatdır. "Xəzər Lənkəran” Qəbələdən xalla qayıda bilirsə, niyə biz 2 qolluq fərqlə qalib gələrək "Qəbələ”ni keçməyək? Buna görə də ümidimizi itriməmişik və qələbə üçün əlimizdən gələni edəcəyik.
- Bir müddətlik fasilədən sonra yaşıl meydana qayıtdın. Özünü nə dərəcədə hazır sayırsan?
- Hər şey qaydasındadır. Baş məşqçi mənə əsas heyətdə şans verdi. Mən də onun etimadını doğrultmaq üçün əlimdən gələni etdim. Yəqin ki, yaxşı alındı.
- Yetirməsi olduğun "Qəbələ”yə qarşı oynamaq səndə əlavə motivasiya yaradırmı?
- Əlbəttə, motivasiya olur, bu, bir tərəfə. Ancaq digər tərəfdən, biz peşəkar futbolçularıq. İndi hansı komandadayamsa, onun şərəfini qoruyur, uğurları üçün çalışıram. Fərq eləməz, keçmiş komandamla oyuna normal baxıram.
- "Qarabağ”la xal fərqini 4-ə endirmisiniz və qarşıdakı turda bu komanda ilə səfər oyunu çempionluq mübarizəsində həlledici olacaq...
- Əlbəttə, ən çətin, vacib oyunlardan biridir. "Qarabağ”la qarşıdakı matç bizim üçün 6 xallıq oyundur. Qalib gəlsək, ona çatmağa 1 xalımız qalır. Deyərdim ki, çempionluq yaşamaq istərdim. Ancaq bunun üçün danışmaq hələ tezdir. Allah bunu bizə qismət edər.
Mehman SÜLEYMANOV