
"Qarabağ”ın futbolçusu Ansi Aqolli "Zirə” ilə oyundan sonra müsahibə verib. Sportnet.az-ın məlmatına görə, Albaniya yığmasının da üzvü olan müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- "Zirə” ilə oyun necə keçdi?
- "Zirə”nin çempionatda göstəridyi yaxşı nəticələr bəllidir. Olduqca çətin rəqibdir. Çətin oyun oldu. Qələbə qazandıq, yolumuza davam edirik.
- "Zirə”nin belə uğurlu çıxışı səni təəccücbləndirdi?
- I Diviziondan Premyer Liqaya gəldiyi üçün uğurlu çıxışı ilk olaraq təəccüblü gəldi. Ancaq bu, davamlı olduğundan, artıq təəccüblü görsənmir. Komandanın real gücü faktdır.
- Çempionat başlayanda düşünə bilərdinmi ki, mövsümün sonuna yaxın "Zirə” əsas rəqiblərinizdən olacaq?
- Təbii ki, yeni başlayanda heç kəs bunu düşünmürdü. Həmin vaxt gözləməsək də, fakt faktlığında qalır. "Zirə” çempionluğa əsas namizədlərdən biridir.
-Bu qələbə "Qarabağ” çempionluğa nə dərəcədə yaxınlaşdırdı?
-"Zirə” əsas rəqiblərimizdən biri olduğundan 3 xal vacib idi. Bununla belə, demək olmaz ki, çempionluq işini həll etmişik. Qazana biləcəyimiz çox xallar var. İndidən bir şey söyləməyimiz düzgün deyil.
- "Qarabağ” ilə müqavilən bu yay bitir. Artırmaq fikrin var?
- Hazırda əsasən işimə konsentrasiya olmuşam. Yeni müqavilə haqda danışmaq üçün indi uyğun zaman deyil. Bunun üçün vaxtımız olacaq. Çalışaram ki, komandam üçün ən yaxşısını edim. Öz işimi yaxşı şəkildə görməyə çalışıram.
- Karyeranı "Qarabağ”da bitirməyi düşünürsən?
- Bura gəldiyim vaxtdan 6 il keçib. İlk gəldiyimdə ağlıma gəlməzdi. Ancaq indi düşünürəm ki, niyə də yox?
- Bu 6 ildə nə qazanmısan?
- Qazandıqlarımı bu gün saymağa başlasam, sabah qurtarmalı olaram. Aydın məsələdir ki, qazancım çox olub.
- Yayda keçiriləcək Avropa çempionatının final mərhələsində Premyer Liqamızın yeganə təmsilçisi olacaqsan…
- Onu da bilirəm ki, Azərbaycanda oynayan legionerlərdən final mərhələsinə yollanacaq ilk futbolçu olacağam. Final mərhələsinə çıxmağım 6 ildə göstərdiyim ən yaxşı nəticədir və buna görə fəxr edirəm. Həm özümə, həm də klubuma görə. Mənim üçün qürur olacaq ki, "Qarabağ”ı Avropa çempionatında layiqincə təmsil edim.
- Albaniya futbolu səviyyəcə Azərbaycandan yüksəkdə deyil. Səncə, Azərbaycan yığma səviyyəsində niyə uğur qazana bilmir?
- Yığmamızda legionerlər çoxdur. Ancaq Azərbaycan yığmasında belə deyil. Əsas fərq budur və nəticəyə təsir göstərir.