Azərbaycan Premyer Liqasının XXV turu bol qollu alınıb. Sportnet.az-ın məlumatına görə, keçirilən 5 oyundan qapılardan 13 top keçirilib.
Bu sə hər oyuna orta hesabla 2 qoldan çoxdur.
Çempionatda qızıl və gümüş medalçıların adlarına böyük ölçüdə aydınlıq gəlməkdədir. "Qarabağ” növbəti qələbəsini kubokda 1/4 finalda mübarizədən kənarlaşdırdığı "Sumqayıt” üzərində qazanıb. İkinci yer uğrunda həlledici matçda "Zirə” "Qəbələ”ni məğlub etməklə həm xal fərqini yendən 6-ya qaldırıb, həm də kubokdakı məğlubiyyətin əvəzini çıxıb. Adil Şükürovun yetirmələri növbəti turda evdə AZAL-la qüvvəsini sınayacaqsa, "Qəbələ”ni "Qarabağ”la çətin sınaq gözləyir. Deməli, 3-cü dövrənin sonuna yaxın xal fərqi bir qədər arta bilər ki, bu da Roman Qriqorçukun komandasının gümüş medal uğrunda mübarizədə şansını xeyli azaldacaq.
"Qəbələ”nin büdrəməsindən "İnter” məharətlə yararlanıb. "Bankirlər” də "Zirə" kimi əzmkar qələbəyə sevinib və bunda gürcü legionerlərin vurduqları qollar da böyük rol oynayıb. "İnter" artıq qəbələlilərlə eyni xala malikdir. "Kəpəz” isə Turallarının fərqlənməsi sayəsində qazandığı qələbədən sonra "Qəbələ” ilə xal fərqini 2-yə endirib. Göründüyü kimi, bürünc medal uğrunda rəqabət artır və "İnter”lə "Kəpəz”ın bu mübarizədə şansları yetərincə yaxşıdır.
AZAL-la "Neftçi”nin Şüvəlandakı görüşünü "qonşular”ın dueli kimi qələmə vermək olar. "Təyyarəçilər” ən yaxın izləyicisi ilə heç-heçə etməklə onu özündən irəli buraxmayıb. "Zirə” və "İnter”in avrokuboklarda çıxış etməsi ilə bağlı problem yarandığından, çempionatda 5-ci yerin sahibi də Avropa Liqasına vəsiqə qazana bilər. Buna görə də AZAL-la "Neftçi” arasında gərgin mübarizədə qalib mükafatçı olmasa belə, ölkəmizi Avropa miyqasında təmsil etmək hüququ qazanması mümkündür.