Bakı İnter”inin baş məşqçisi Zaur Svanadze klubun rəsmi saytına müsahibə verib. Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis komandanın keçirdiyi son oyunlar barədə fikirlərini açıqlayıb, avrokubok şanslarını dəyərləndirib...
- "İnter” artıq iki turdur ki, turnir cədvəlində daha da irəliləmək şansını qaçırır...
- Bəli, doğru vurğulayırsınız, son iki oyunda turnir cədvəlində mövqeyimizi daha da gücləndirmək şansımız yaranmışdı. Lakin zədəli futbolçuların çox olması, o cümlədən Nika Kvekveskirinin Gürcüstan millisinə dəvət edilməsilə bağlı Bakıya vaxtında qayıda bilməməsi "Neftçi” komandası ilə keçirilən oyunun nəticəsinə öz mənfi təsirini göstərdi. "Neftçi” ilə oyunda Kvekveskirinin olmaması orta sahədə problemlərin yaranmasına gətirib çıxarırdı. Bundan əlavə, əla formada olan və mühüm oyunlarda qol vurmağı bacaran Nizami Hacıyevin "Rəvan” komandası ilə oyunda zədələnməsi onsuz da itkilərdən əziyyət çəkən komandamızın işini daha da çətinləşdirdi. Təbii ki, intensiv oyun qrafikasının da olması komandaya təsirini göstərir. Son ayda həm çempionat, həm də kubok oyunlarının keçirilməsi futbolçuların yorulmasına səbəb olur. Razılaşaq ki, zədəlilərin çox olması və son oyunlarda, meydana demək olar, eyni heyətin çıxması arzuladığımız nəticələri əldə etməyimizə maneələr yaradır. Bununla belə, komandanın mübarizliyi və heyətdəki problemlərə baxmayaraq nümayiş etdirdiyi əzmkarlıq rəğbət doğurmaya bilməz. Futbolçular peşəkarlıq göstərərək azarkeşləri sevindirməyə çalışırlar və bu fakt da məni bir məşqçi kimi sevindirir.
- Bu tur "İnter” AZAL ilə qarşılaşır. Oyunda haqqında fikirləriniz necədir?
- AZAL son turlar yaxşı nəticələr göstərir. Komanda yüksəlişdədir və qələbə seriyasını davam etdirməyə çalışacaq. Ümumiyyətlə, "İnter” ilə AZAL arasında oyunlar həmişə çətin keçir və qarşıdakı matçda da belə olacağını düşünürəm. Bizə rahatlaşmaq olmaz. Maksimum dərəcədə oyuna köklənməli və turnir cədvəlindəki mövqeyimizi gücləndirməliyik. Təəssüf ki, Kamran Ağayev və Nizami Hacıyev qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəklər.
- Bəs Rauf Əliyev: Onu növbəti qarşılaşmada görə biləcəyik?
- Sevindirici haldır ki, Rauf Əliyev artıq komanda ilə məşq edir və oyun ritminə tədricən daxil olur. Ancaq hələlik onun xidmətindən yararlanmaq bir qədər tezdir. Bununla belə, yaxın turlarda Əliyevi meydanlarda görəcəyik. Məşqçilər heyəti onun oyuna tam hazır olduğunu müəyyənləşdirdikdən sonra meydana çıxması bəradə qərar qəbul edəcək.
- UEFA-nın məlum qərarı komandanın motivasiyasına necə təsir göstərir?
- "İnter” köhnə borclarını ödəsə də, UEFA vaxt amilini əsas gətirərək kluba qarşı sanksiya tətbiq etdi. UEFA-nın qərarından şikayət etmək hüququmuz var və buna görə də şans hələ qalır. Bununla belə, inanmıram ki, bu qərar futbolçulara mənfi təsir göstərir. Komandada kifayət qədər peşəkar futbolçular var və onlar anlayırlar ki, sonadək mübarizə aparmaq lazımdır. Futbolçular bilirlər ki, bu il avrokuboklara vəsiqə qazanmaqla məlum cəzaya cari mövsümdə son qoymaq olar. Odur ki, UEFA-nın qərarından asılı olmayaraq "İnter” cari mövsümü müsbət notlarla başa vurmağa çalışacaq. Avrokubok yarışlarına vəsiqə qazanmağımız çətin mövsümü arxada qoymağımız baxımdan "İnter” üçün böyük pozitiv olardı.