19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirilmiş Azərbaycan – Polşa oyunundan (0:0) sonra yığmamızın baş məşqçisi Patrisiya Qonzales affa.az-a açıqlama verib. Sportnet.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis komandasının oyunu barədə müsbət fikirlər söyləyib.
O, futbolçularımızın yaxşı oyun nümayiş etdirdiyini sözlərinə əlavə edib: "Əlbəttə, ümumilikdə, turnirin şərtlərini nəzərə alsaq, ilk oyunda heç-heçə bizi tam qane edən nəticə deyil. Bununla belə, futbolçularımızın oyununa 10 ballıq sistemlə ən yüksək qiymət – 10 bal vermək olardı. Qələbəyə çox yaxın olduq. Lakin yaratdığımız epizodları qola çevirə bilmədik”.