"Neftçi"nin futbolçusu Ruslan Qurbanov "Qarabağ"la Azərbaycan Premyer Liqasının XXX tur matçında ona göstərilmiş sarı vərəqə ilə bağlı fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu şəxsi "Facebook" səhifəsindəki statusunda oyunun baş hakimi Ramil Diniyevin səhvə yol verdiyini bəyan edib.
Qurbanov bildirib ki, simulyasiyaya yol verməyib, əksinə, dağıstanlı həmyerlisi Bədavi Hüseynovun ona qarşı kobudluğu səbəbindən "Qarabağ"ın qapısına cərimə zərbəsi təyin edilməli idi: "Həqiqətən də epizoda baxdıqdan sonra deyə bilərəm ki, mənə toxunuş var idi, amma cərimə meydançasından kənarda. Penalti yoxdur, mübahisə etmirəm. Sadəcə, baş hakimi anlamadım ki, mənə niyə sarı vərəqə göstərdi? Qoy, izah etsin: Orada simulyasiya etdim, yoxsa ofsayd var idi? Bir şeyi deyə bilərəm: Nə ofsayd, nə də simulyasiya vardı. Əvəzində cərimə zərbəsi təyin edilməli idi. Ona görə də, cənab Diniyev, xahiş edirəm ki, gələn dəfə epizodlarda diqqətli olun. Mən sizin səhviniz üzündən "Zirə"yə qarşı çox vacib matçı buraxmaq istəmirəm. Ümidvaram ki, mən sarı vərəqəmi ləğv edəcəklər!"
Qeyd edək ki, bu, Ruslan Qurbanova mövsüm ərzində göstərilmiş 12-ci sarı vərəqə olub. Qaydalara əsasən, o, XXXI turda "Zirə" ilə matçı buraxmalıdır. Qurbanov hazırda 10 topla "Neftçi"nin bombardiri və çempionatın ən çox qol vuran yerli oyunçusudur.