1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qriqorçuk məni cərimələdikdən sonra kabrioletimi satdım" - MÜSAHİBƏ
Hazırda Ukraynanın "Metallist" klubunda çıxış edən futbolçu İvan Babko "Footboom"a müsahibəsində Odessa "Çernomorets"ində çıxış etdiyi dövrü də xatırlayıb. Sportnet.az 26 yaşlı yarımmüdafiəçinin hazırda "Qəbələ"nin sükanı arxasında olan Roman Qriqorçuk barədə fikirlərini təqdim edir...
- Mən "Çernomorets"də debüt edəndə komandaya İqor Nakoneçnı (fəaliyyətini dayandırmış MKT "Araz"ın sabiq baş məşqçisi) rəhbərlik edirdi. Mənə ilk şansı da o verdi. 2 ildən sonra ilk qolu vuranda emosiyalarım aşıb-daşırdı. Artıq baş məşqçimiz də dəyişmişdi. Xatırlayıram ki, Roman Qriqorçuk bu debütədək məni çox gözlətmişdi. İki oyunda iştirak ərizəsinə düşsəm də, meydana çıxmırdım. Roman İosifoviç "gözlə" deyirdi. Lakin söz verdiyi kimi, "Tavriya" ilə qarşılaşmada meydana buraxdı. Yaxşı oyun alındı. O vaxt ustalıq indiki kimi deyildi. Amma çox gözəl qollar vura bildim.
- Qriqorçukun işi barədə nə deyə bilərsən? Onun xüsusi keyfiyyəti nədə idi?
- Onunla işləmək çox gözəl idi. Hər gün futbolla yaşayırdı və hər yeni gündə bizə yeni nə isə öyrədirdi. Ciddi nizam-intizam yaratmışdı. Daimi nəzəri məşğələlər keçir və hər bir oyunçuya diqqət göstərir, kimin nəyi artırmalı və hansı çatışmazlığının olduğunu deyirdi. O, "Çernomorets"ə rəhbərlik etdiyi müddətdə heyətin hər bir üzvü, təcrübə və yaşa rəğmən, xeyli artırdı. Hər bir yaşlı futbolçu bir çox incəliyi öyrənməsi hesabına ən yaxşı oyununu sərgiləyə bildi. Qriqorçuk hamının potensialını və gizli istedadını aça bildi. O, həm "Çernomorets"in, həm də hər bir futbolçu kimi mənim də karyeramda böyük rol oynadı. Belə qiymətsiz əməyinə görə ona çox minnətdaram.
- Çoxlu sayda nəzəri məşqlər keçirdi. Deyirlər ki, sən səylə konspektlər oxuyurdun...
- Bəli, həqiqətən də çox idi. Onunla çalışdığımız illərdə bir nəzəriyyəni belə qaçırmadım və hər şeyi yazdım. Çünki onun futbolçularla böyük sorğu-sualı olurdu. Demək olar ki, hər bir məşğələdə mən suallara cavab verməli olurdum. Elə suallar olurdu ki, əvvəlcədən bilmək olmurdu. Ona görə də təkrarlamaq və cavab vermək lazım gəlirdi. Bu, mənə gələcəkdə xüsusən taktiki anları başa düşməkdə çox kömək oldu. Qriqorçuk məni istənilən mövqeyə qoyurdu. "Oranı bağla, buranı bağla" deyirdi. Sözsüz yerinə yetirirdim. Hər dəfə meydana çıxanda onu pis vəziyyətdə qoymamağa çalışırdım. Fikrimcə, vəzifəmin öhdəsindən gəlirdim. Çünki onu pis vəziyyətdə qoysaydım, çətin ki bir daha oynayardım.
- Səninlə Qriqorçuk arasında kabriolet üstündə maraqlı əhvalat da olub...
- Bəli olub (gülür). Roman İosifoviç kabriolet aldığım üçün mənə əsəbiləşmişdi. Maşını komanda yoldaşım Kirill Kovalçukdan almışdım. Kovalçuk sürəndə hər şey qaydasında idi. Mən isə "çapanda" baş məşqçi nəyə görəsə futbol oynamayacağımı düşünməyə başladı. Üstəlik, Donetsk "Metallurq"u ilə vacib görüş öncəsi və Ukrayna Kubokunun finalında angina oldum. Qriqorçuk dedi: "Kabriolet aldın və xəstələndin". Həkimdən soruşdum ki, üstüaçıq maşın sürdüyüm üçün xəstələnə bilərəm? "Xeyr, çətin ki" cavabını verdi. Lakin günahım vardı və inkar etmirdim. Sağlamlığıma diqqət etmirdim və buna görə cərimə formasında ciddi cəzaya məruz qaldım. Sonradan maşınla da vidalaşdım. İlk qarşıma çıxan avtosalona getdim və dedikləri məbləğə də satdım. Uzun müddət piyada qaldım.
- Dedin ki, Qriqorçuk səni müxtəlif mövqelərdə oynatmağı xoşlayırdı. Qapıçı mövqeyi təklif olunmayıb?
- Təlim-məşq toplanışında Qriqorçukla bağlı bir maraqlı əhvalat da olmuşdu. O dedi: "Sən yalnız qapıda dayanmamısan və mərkəz müdafiəçisi mövqeyində oynamamısan". Bir müddət sonra Tbilisi "Dinamo"su ilə yoxlama matçı keçirirdik. O, məni müdafiənin mərkəzində qoydu və oyundan sonra məzələnməyə başladı: "Mərkəz müdafiəçisi kimi oynadın. İndi gəl, səni qapıya qoyaq". "Nəyə görə də yox? Bəlkə orada da pis oynamadım?" deyə cavab verdim. Onunla bu mövzuda tez-tez zarafatlaşmağı çox sevirdik.
- Avropa Liqasındakı uğurlu mövsümdən sonra "Çernomorets"i bir çox futbolçu və Qriqorçuk tərk etdi. Bu, komanda daxilincə necə qarşılandı?
- İlk problem əcnəbilər gedəndə büruzə verdi. Ukraynalı futbolçular və Qriqorçuk gedəndə isə aydın oldu ki, "Çernomorets"də hər şey dəyişəcək, gənclərə üstünlük verəcəklər. Həmin an özüm də getməli olduğumu anladım.
- Qriqorçukun "Qəbələ"dəki işini izləyirsən?
- Əlbəttə. Habelə, Dmitri Bezotosnı ilə ünsiyyətdə oluram. O deyir ki, Azərbaycanda çempionatın səviyyəsi pis deyil.
- Özünün də "Çernomorets"dən sonra "Qəbələ" variantı var idi...
- Tale belə gətirdi. Həmin an "Metallist"ə keçməyə qərar verdim və bu komandada oynamaqdan məmnunam.