"Kəpəz"in kapitanı Tural Axundov. Karyerası boyu "Muğan", "Rəvan", "Simurq"da oynayan 28 yaşlı müdafiəçisi cari mövsümdən Azərbaycanın ən titullu klublarından birində çıxış edir. Məhz Gəncə təmsilçisinin futbolçusu kimi diqqətinə özünə cəlb etməyi bacarıb. Xüsusilə qış fasiləsindən sonra Axundovun soyadını tez-tez eşidirik.
Əvvəla, "Kəpəz" kimi klubda kapitan sarğısını daşımaq şərəfi hər futbolçuya nəsib olmur. Tural əslən Gəncədən olmasa da, kluba yeni gəlsə də, sarğını daşımaq etimadını qazandı.
İkincisi, o, nəinki komandasında, ümumiyyətlə, cari çempionatımızda ən məhsuldar müdafiəçilərindəndir. Belə ki, Axundovun hesabında artıq 4 qol var. Hərçənd, o, əvvəlki klublarında demək olar qol vuran olmayıb. "Rəvan" və "Simurq"da buna nail olmayan Tural "Muğan"da 3 dəfə fərqlənib. Göründüyü kimi, Axundov karyerasında bir mövsümdə ən çox qolu indi vurur. Özü də müdafiəçi bunların hamısına 11 metrlik cərimə zərbəsindən imza atıb. Yəni Tural "Kəpəz"də ştatlı penalti vuranıdır.
Üçüncüsü, Axundov Gəncə təmsilçisinə gəlişi lə meydanda mövqeyi də dəyişib. Belə ki, o, əvvəlki klublarında müdafiənin sol cinahında oynayırdısa, "Kəpəz"də müdafiənin sağında çıxış edir.
Dördüncüsü, Tural 29-cu turda "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları matçda az qala mövsümün antirekordçusu olacaqdı. Bu da onun 2 avtoqola imza atması ilə bağlı idi. Yaxşı ki, Reynaldondan fərqli Daninin qolu Turalın adına yazılmadı. Hərçənd, ilkin məlumatda Axundovun 2 dəfə avtoqol etməsi göstərilsə də, sonradan düzəliş edildi.
Və ən nəhayət, Tural son turda yenidən ön planda oldu. Ancaq bu dəfə yaxşı göstərici ilə. Axundov cari mövsümdə 300-cü qolun müəllifi olan futbolçu kimi tarixə düşdü. Müdafiəçi uğursuz oyundan sonra toparlanaraq fərqlənməyi bacarmaqla liderlik keyfiyyətlərini özündə cəmləşdirdiyini göstərib.
O da maraqlıdır ki, "Kəpəz" Turallar sarıdan boldur. Bu adda digər futbolçular müdafiəçi Tural Nərimanovla yarımmüdafiəçi Tural Rzayevdir. Digər Turallar da cari mövsümdə fərqlənməyi bacarsalar da, Axundov kimi lider ola bilmirlər.