
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan kuboku ilə oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, çalışdırıcı sualları cavabandırıb.
- Oyunun ilk hissəsi zəif oynadıq. Ancaq ikinci hissədə yaxşı təsir bağışladıq. Hesabı bərabərləşdirdik, ancaq qələbəni gətirə bilmədik. Erik Ramosun yoxluğu öz sözünü dedi.
- Ayltonu bir ara hücumda oynadırdınız. Ancaq yenidən müdafiənin sol cinahında yer aldı. Səbəb nə idi?
- Çünki Ramosun yoxluğunda müdafiəyəmeyli oyunçuya ehtiyacımız vardı. Ona görə də Aylton müdafiədə oynadı.
- Niyə qapıçıları tez-tez dəyişirsiniz?
- Oyundan öncə hər ikisiylə söhbətləşirəm. Hər ikisinə şans verirəm. Çalışıram ki, ruhdan düşməsinlər. Hər şey ola bilər. Ola bilər ki, Qəbələdəki cavab matçında Maksim Vaylo oynasın. Düşünmürəm ki, tez-tez dəyişiklik qapıçıların sabitliyinə pis təsir göstərsin.
- Həmkarınız hakimlərdən narazı qaldı. Bəs siz?
- Mən hakimlər haqda danışmaq istəməzdim. Hər insanda səhv ola bilər. Mən səhvləri ilk növbədə öz komandamda axtarıram. Fərqi yoxdur, həmin səhvlər bizə olsaydı, yenə hakimlik haqda danışmazdım.