AFFA Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantılar keçirir. Sportnet.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenitin rəhbəri Aslan Şahgəldiyev "Facebook" sosisal şəbəkəsindəki şəxsi səhifəsində məlumat verib.
Onun sözlərinə görə, hər həftə baş tutan toplantılarda turda idarəçilik etmiş hakimlər iştirak edir, onların verdikləri qərarlar videoçarxlarla müzakirə olunur: "Azərbaycan Kubokunun 1/2 final mərhələsinin və Topaz Premyer Liqasının XXXI turunun görüşlərində verilən qərarlar sabah saat 16:00-da AFFA-nın inzibati binasında reallaşacaq ənənəvi toplantı zamanı müzakirəyə çıxarılacaq. Budəfəki toplantı media nümayəndələri üçün açıq olacaq. Müzakirələrdən sonra Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun və hakimlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub.
Müzakirələrdə və mətbuat konfransında iştirakda maraqlı olan jurnalistlərdən bizə müraciət etmələrini xahiş edirik".
Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsində "Neftçi" - "Qəbələ" oyununu idarə edən FİFA referisi Əliyar Ağayev qonaqların əleyhinə olan kobud səhvləri ilə yadda qaldı.