Azərbaycan Kuboku uğrunda ilk yarımfinal oyunları həlledici iştirakçılardan birinin adına indidən aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, "Qarabağ”ın "İnter”lə evdə keçirəcəyi cavab matçın formallığa çevrilib. Hər hallda, Qurban Qurbanovun komandasının səfərdə qazandığı 4:0 hesablı qələbə bunu deməyə əsas verir.
"Qarabağ”ın qələbəsi gözlənilən olsa da, hesabın belə olacağı haqda bunu deyə bilmərik. Çünki "İnter” evdə nəinki böyük hesabla uduzmayan, ümumiyyətlə, az hallarda məğlub olan komandadır. Ancaq "bankirlər” bu dəfə darmadağından qaça bilmədilər.
Qış fasiləsindən sonra məhsuldar oun nümayiş etdirən ispan yarımmüdafiəçilər - Migel Madera ilə Dani Kintana yenə öz sözlərini dedilər. Özü də onlar ilk mövsümlərini keçirdikləri Azərbaycan kubokunda qol hesablarını açıblar. Reynaldo Silva isə turnirdə bu mövsümdə ilk dəfə fərqlənib. Braziliyalı hücumçunun uzun fasilədən sonra yaşıl meydana qayıdışında qolları sıralaması diqqət çəkir.
"Neftçi” – "Qəbələ” yarımfinalı isə daha çox hakimliklə yadda qalıb. FİFA referisi Əliyar Ağayev qonaqların təmiz penaltisini verməməklə təmiz qələbəsini əlindən alıb. Əks təqdirdə bu cütdə də cavab oyunu demək olar formallığa çevriləcəkdi.
"Qarabağ” ardıcıl 2-ci mövsümün finalın iştirakçısı olacaq. Ötən ilki finalın təkrarlanması üçünsə rəqibi "Neftçi” olmalıdır. Bu isə mümkün variantdır. Düzdür, "Neftçi” evdə 1:1 hesablı heç-heçə etdiyindən səfərdə mütləq qol vurmalıdır. Vəli Qasımovun komandası Qəbələdəki cavab matçından öncə orada Premyer Liqa oyununa çıxacaq. "Ağ-qaralar”ın çempionatdan Avropa Liqasına düşmək şansı qalmadığından əsas gücünü kubok matçına saxlayacağı şübhə doğurmur.
Qeyd edək ki, "Qarabağ”la "Qəbələ”son illərəd kubokda tez-tez görüşsələr də, bu, finalda olmayıb. "Qırmızı-qaralar” həlledici matçda yalnız 1 dəfə iştirak edib ki, onda da rəqibi "Neftçi” olub. Qurbanovun həmkarları Vəli Qasımovla Roman Qriqorçukdan heç biri finalda iştirak etməyib. Deməli, onlardan biri siftə edəcək.