"Çox yaxşı oyun alındı. Azarkeşlər maraqlı qarşılaşma izlədilər. Turnirə yaxşı başlamağımızın və işləri düzgün qurmağımızın nəticəsi olaraq bu gün finala vəsiqə qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Portuqaliya yığma komandasının müdafiəçisi Dieqo Dalot deyib.
Bu gün Hollandiyaya qarşı keçirilən yarımfinal oyununda komandasının ikinci qolunun müəllifi oyundan sonra jurnalistlər üçün keçirilən brifinqdə Joao Filipe haqda da danışıb. O, driblinqləri ilə Kriştiano Ronaldonu xatırladan futbolçunun gələcəkdə böyük oyunçu olacağına inandığını vurğulayıb: "Filipe yaxşı futbolçudur. Kristinau Ronaldu kimi böyük futbolçu olacağına inanıram. Tək o yox, digər futbolçularımız da sözünü deyəcəklər".
Müdafiəçi oyun ərzində hücuma qoşulmamasına da aydınlıq gətirib: "Qələbə qazansaq da, rəqibə hörmətlə yanaşırıq. Bizim oyun taktikamız var. Baş məşqçi kimin necə, harda oynayacağını əvvəlcədən bildirir. Biz də meydanda ona uyğun hərəkət edirik".
Finaldakı rəqib üçün xüsusi sürpriz hazırlamısınızmı sualına futbolçu belə cavab verib: "Bu haqda danışmaq istəmirəm. Daha doğrusu, icazəmiz yoxdur”.