Yeni mövsümün hazırlıqlarını davam etdirən Zaqatalanın "Simurq" klubu təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 17-də Avstriyaya gedib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Tirol bölgəsində yerləşən "Das Seivald" otelində məskunlaşan Georgi Çixradzenin rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla məşqlərə başlayıb.
"Simurq" səhər və axşam hazırlıqlarında əsasən toplu çalışmalardan ibarət taktiki və texniki təmrinləri yerinə yetirir.
Avstriya hazırlığı çərçivəsində komanda beş yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Qarşılaşmalar iyulun 20-nə, 23-nə, 26-na, 29-na və avqustun 1-nə nəzərdə tutulub. Artıq zaqatalalıların ilk rəqibi də məlumdur. "Sarı-qaralar" bu gün Bakı vaxtı ilə saat 20:00-da İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşacaq.
"Simurq"un yaxın günlərdə bir neçə futbolçu ilə rəsmi müqavilə imzalayacağı da gözlənilir.