"İnter"in gürcü müdafiəçisi Zurab Xizanişvili komandada çıxışı davam etdirmək istəyir. Bu haqda Sportnet.az-a komandanın seleksiyaçı məşqçisi Zaur İsmayılov məlumat verib. Onun sözlərinə görə, "bankirlər"in gürcü legionerlərindən növbəti mövsümdə yalnız bu futbolçunu görə biləcəyik.
Karyerasının qurub çağlarını yaşayan 35 yaşlı müdafiəçinin "İnter"in yeni müqavilə şərltərini qəbul edərək anlaşmaya imza atacağını gözlənilir. Zurab ötən mövsüm komandanın əsas heyət üzvlərindən, aparıcı müdafiəçilərindən biri olub.
Onun həmyerlilərindən həmkarları Laşa Salukvadze ilə Laşa Kasradzedən "İnter" imtina edibsə, gürcü yarımmüdafiəçi Nika Kvekveskiri "Qəbələ"yə keçməyi üstün tutub.
Xizanişvilidən 2 yaş böyük olan qapıçı Georgi Lomaya isə "bankirlər"də çıxışını başa vurur. İsmayılov bu xəbəri böyük ölçüdə təsdiqləyib. Onun sözlərinə görə, Lomayanın komandadan gedəcəyi gözlənilir. Artıq 37 yaşı olan Georgi "İnter"də 7 il forma geyinib.
Xatırladaq ki, Lomaya ötən mövsüm Azərbaycan Premyer Liqasının ən yaşlı futbolçusu olub.