2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı 81 kq çəkidə təmsil edəcək boksçu Teymur Məmmədovun "Report"a müsahibə verib. Sportnet.az həmin müsahibəni tqədim edir.
- "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal, indi də Rio-2016-ya lisenziya qazandın. Təəssüratların necədir?
- Çox xoşbəxtəm ki, buna nail oldum. Məqsədim Rio-de-Janeyroya yollanmaq idi və istədiyimə çatdım. İndi isə olimpiadada Azərbaycan bayrağını yüksəklərə qaldırmaq istəyirəm və inanıram ki, buna nail olacağam.
- Rəqib rinqə çıxmadı və lisenziya sənin adına yazıldı. Bunu gözləyirdin?
- Bunu gözləmirdim. Mən döyüşə hazırlığımı davam etdirirdim. Sonra öyrəndim ki, rəqib rinqə çıxmayacaq. Bu idmandır, zədə də olur, yarışa da çıxa bilmirsən.
- Rio-2016-da Azərbaycanın bayrağını sən qaldıracaqsan...
- Bayraqdar olmaq mənim üçün çox böyük fəxrdir və çox xoşbəxtəm. Çalışacağam ki, ümidləri doğruldum.
- Maraqlı məqam var ki, Olimpiadanın bayraqdarları uğur qazana bilmir. Bu sindrom səni qorxutmur?
- Bu, idmançıdan asılıdır. Yarışlara yaxşı hazırlaşmaq lazımdır. Bütün gücümlə çalışacağam ki, Azərbaycanın bayrağını dalğalandırım.
- Hazırlıq planları məlumdur?
- Gələn həftənin əvvəlində Amerikaya gedəcəyik. Təxminən 20 gün orada hazırlıq keçdikdən sonra Bakıya qayıdacağıq və daha sonra Rio-de-Janeyroya yollanacağıq. Bir az tez gedəcəyik ki, oradakı ab-havaya öyrəşək, uyğunlaşaq.
- Boksçularımızın medal şanslarını necə dəyərləndirirsən?
- Bizim komanda çox güclüdür. Hər birinə inanıram və uğurlar arzulayıram.
- Rəqiblər haqda nə düşünürsən?
- Mənim üçün bütün rəqiblər güclüdür. Yəni filan idmançı zəifdir, onunla döyüşmək istəyirəm deyə bir şey yoxdur.