Azərbaycanlı FİFA referiləri Əliyar Ağayevlə Orxan Məmmədov Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarını idarə ediblər. Sportnet.az-ın məlumatına görə, Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Bolqarıstanın paytaxtı Sofiyada "Slaviya" ilə Polşa "Zaqlembe"si arasındakı görüşdə fit çalıb.
Matçın taleyini "Slaviya"nın rusiyalı legioneri Serder Serderovun 85-ci dəqiqədə vurduğu qol həll edib - 1:0. Baş hakim 39-cu dəqiqədə Georgi Paşova, 43-cü dəqiqədə isə "Zaqlembe"nin kapitanı Corde Kotraya sarı vərəqə göstərib.
Məmmədov isə Sloveniyada "Domjale" ilə Andorra "Lusitans"ı arasındakı qarşılaşmada iş başında olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. "Domjale"də "Neftçi"nin sabiq yarımmüdafiəçisi Samir Məsimov ümumiyyətlə, iştirak ərizəsində yer almayıb.
Əvəzində "Bakı"nın keçmiş legionerlərindən Lukas Mario Horvat meydana start heyətində daxil olub və 57-ci dəqiqədə əvəzlənib. Juninyo isə 75-ci dəqiqədə oyuna girib. Məmmədov meydan sahiblərindən Deyan Traykovskiyə 16-cı dəqiqədə, qonaqlardan isə Karlos Akostaya 41-ci, Luizaoya 62-ci dəqiqədə sarı vərəqə göstərib. "Domjale"nin qollarını Qabor Dobrovolyiç (dəq. 5), Kenan Horiç (dəq. 26), Matiç Çrniç (dəq. 43) vurub. "Lusitans"dan isə 5-ci dəqiqədə Luizao fərqlənib.