"Sabah bizi ciddi oyun gözləyir. Bu üzdən "Samtredia" ilə cavab matçına da ciddi hazırlaşırıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtrediya" klubu ilə cavab oyunu öncəsi keçirdiyi brifinqdə bildirib. Ukraynalı mütəxəssis həmişə məhsuldar oyun nümayiş etdirmək istədiklərini söyləyib: "Samtredia” ilə cavab oyununda da belə olacağına ümid edirəm. Heyətimizə qatdığımız yeni oyunçuların transferindən razıyam. Onların gələcəkdə də tələblərimizi yerinə yetirə biləcəyini gözləyirəm. Teo Uiksin sabahkı matçda qol vurmamaq variantını ağlımızdan keçirmirik. Mən istəyirəm ki, liberiyalı bu qarşılaşmada da rəqib qapısına yol tapsın. Həm ondan, həm Baqali Dabodan, həm də digər hücumameylli futbolçularımızdan qol gözləyirəm. Çünki qol vuranda futbolçunun həm özünəinamı artır, həm də əhval-ruhiyyəsi yüksəlir".
Qriqorçuk sabah meydana çıxacaqları Zestafonidəki stadionun qazonuna da toxunub: "Qarşılaşmanın keçiriləcəyi meydanın ot örtüyünün faciəvi olduğunu düşünmürəm. Burada yağış altında oyun keçirildiyindən durumu bir az pis vəziyyətə düşüb. Amma düşünürəm ki, buna cavabdeh olan şəxslər əllərindən gələni edəcəklər. Meydançanın bizə və rəqibə problem yaradacağını düşünmürəm".
Təcrübəli mütəxəssis potensial rəqiblərdən də söz açıb: "Növbəti mərhələdəki mümkün rəqiblərimizin oyununu görməmişəm. Onlar arasında heç bir ciddi fərq görmürəm. Qazaxıstan və ya Macarıstan təmsilçisi ilə qarşılaşmağın da fərqi yoxdur. Onların hər ikisi ciddi rəqibdir. Amma indi bu barədə çox danışmamalıyıq. Hazırda fikrimiz sabahkı oyuna köklənib”.
Xatırladaq ki, "Qəbələ" ilk oyunda evdə rəqibini 5:1 hesabı ilə məğlub edib.