"Bizi çətin oyun gözləyir. Komandanı izləmişik və çox yaxşı rəqibdir. Rəqibin yaxşı oyunçuları var. Evdə udmaq üçün darıxmışıq". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov deyib.
Baş məşqçi Avropa Liqasının II təsnifat mərhələsinin Makedoniyanın "Şkendiya" komandası ilə keçiriləcək ilk oyun haqda bunları bildirib: "Baltsan" da zəif komanda idi, amma Bakıda bizə qalib gəldi. İndiki rəqibin müdafiədə demək olar ki, problemləri yoxdur. Zəif komanda yoxdur. Rəqibin heyətində 6 əcnəbi və milli komandanın 5 oyunçusu var. İlk oyunda cütün taleyini həll etmək çox çətindir. Heç kim buna zəmanət vermir. Bizim problemimiz "Bakcell Arena"da qələbə qazanmamağımızdır. Məğlub olmaq heç kimin ürəyincə deyir. Malta klubu ilə oyuna təkrar baxmışıq. İlk hissədə elə də problemimiz olmayıb. Ancaq ikinci hissədə qoldan sonra ruhdan düşdük, inam itdi. Bundan sonra anlaşılmazlıq oldu. Ümumilikdə iki oyuna görə pis oynamadıq".
V.Qasımov komandanın transfer etməməsindən də danışıb: "Bəzi oyunçuları nəzərdə tutmuşuq və danışıqlar gedir. Yubanmanın səbəbi danışıqlardadı. Həm futbolçu, həm də klublarla söhbət aparırıq. Bəzi oyunçular vardı ki, dəvət etdik. Ancaq başqa komandalar da istədi və digər kluba getdilər. Nə qədər tez gəlsələr, o qədər yaxşı olar. Elton Yaqublu hələ də bizimlə məşq edir.
Yerli mütəxəssis "Şkendiya" qarşısına çıxacaq heyətdən söz açıb: "Artıq start heyətini müəyyən etmişik. Ancaq bunu açıqlaya bilməyəcəm. Elə də böyük dəyişiklik olmayacaq. Çünki heyətimiz o qədər geniş deyil. Elşən Abdullayev zədəlidir. Rəqibin oyun üslubunu bilirik. Oyuna hazırıq. Bu gün komanda "Şkendiya" qarşısına çıxmağa hazırdır. Komandanın çıxıb yaxşı nəticə göstərəcəyinə inanıram".