"Kəpəz" avrokuboklada cari mövsümdə ilk qolunu buraxıb. Sportnet.az-ın məlumatına görə, litvalı qapıçı Tadas Simaitisin "quru seriya"sı 221-ci dəqqədə qırılıb.
Bu, Avropa Liqasının II təsnifat mərhələsində "Admira" ilə Avstriyada 0:1 hesabı ilə uduzduğumuz matçda olub. Rəqib 41-ci dəqiqədə Dominik Starklın qoluyla Simaitisin qapısına yol tapıb. Tadas I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubu ilə oyunlarda (evdə 0:0, səfərdə) qapısını toxunulmaz saxlaya bilmişdi.
Klublarımızın avrokuboklarda "quru seriya" ilə bağlı son rekordu ötən mövsüm olub. Bu, "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiçin Çempionlar Liqasında 262 dəqiqəlik "quru seriya"sıdır. O da ilk mərhələdə - Çernoqoriyanın "Rudar" kıubu ilə sınaqda evdə qolsuz bərabərliyin, səfərdə 1:0 hesablı qələbənin şahidi olub. Növbəti mərhələdə də məğlubiyyət 0:1 hesabı ilə olub. Bu, Şotlandiyada "Seltik"ə 82-ci dəqiqədə Derlik Boyatanın vurduğu qolla gələn məğlubiyyətdir.
Avropa Liqasında "quru seriya" ilə bağlı son rekord "İnter"in gürcü qapıçısı Georgi Lomayaya məxsus idi. Bu yay komandadan gedən sabiq kapitan 2014-cü ildə fərqlənib. Həmin vaxt "İnter" ilk mərhələdə Estoniyanın "Trans" klubuna 7 cavabsız qolla gəlib - səfərdə 5:0, evdə 2:0. Lomaya növbəti mərhələdə Yunanıstanın "Asteras" klubundan "Dalğa Arena"da qol buraxıb - 1:1. Həmin qolu 55-ci dəqiqədə rəqib futbolçu Emmanuel Perrone vurub. Görnüdüyü kimi, Lomayanın "quru seriya"sı 235 dəqiqə sürüb və Simaitis Avropa Liqasındakı rekordumuzu 14 dəqiqə yaxşılaşdırıb.
Qeyd edək ki, "Kəpəz" avrokuboklarda son qolunu 2000-ci ildə UEFA kubokunda ilk mərhələdə "Antalyaspor"a 0:5 hesabı iə uduzduğu səfər matçında buraxmışdı.. Onda Gəncə klubunun "çərçivə"sini hazırda millimizdə qapıçılarla işləyən məşqçi Faiq Əzizov qoruyub.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib