Azərbaycan milli komandası və "Sumqayıt" klubunun futbolçusu Budaq Nəsirov Portuqaliyanın "Sportinq" klubuna keçib. Bu barədə Sportnet.az-a gənc yarımmüdafiəçinin meneceri Vaqif Heydərli məlumat verib.
O, 20 yaşlı oyunçu ilə 5 illik müqavilənin bağlanıldığını bildirib.
Heydərli transferin baş tutmasındakı fədakarlıqları qarşılığında hər iki kluba minnətdarlığını bildirib.
İmzalanma mərasimində futbolçu və meneceri ilə yanaşı, "Sportinq"in prezidenti Brunu de Karvalyo da iştirak edib. Meneceri Nəsirovun əsas komanda ilə birgə məşq edəcəyini və özünü yaxşı tərəfdən göstərəcəyi halda, elə həmin heyətlə də oyunlara çıxacağını bildirib.
Budaq Nəsirovun atası Hikmət Nəsirov Futbol.11-a açıqlamasında oğlunun keçidini dəyərləndirib: ""İlk öncə Budaqın futbolçu yetişməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Tovuz Futbol Məktəbində çalışanlara, "Sumqayıt” klubunun rəhbərliyinə, Əsgər Abdullayevə, "Kəpəz”in baş məşqçisi Şahin Diniyevə və xüsusən də oğlumun meneceri Vaqif Heydərliyə minnətdaram. Budaqın hazırkı vəziyyətdə olmasında Heydərlinin əməyi böyükdür. Uzun söz-söhbətlərdən sonra keçid baş tutdu. Budaq Portuqaliya klubu ilə 5 illik müqavilə imzalayıb. Həqiqətən də, böyük bir işdir. Bundan sonra hər şey Budaqın özündən asılıdır. Budaq Azərbaycanı Portuqaliyada yüksək səviyyədə təmsil etməyi bacaracaq. Mənə elə gəlir ki, Budaq etimadı doğruldacaq. Budaq oynadığı bütün komandalarda özünü doğrultmağı bacardı. Kriştianu Ronaldu olmasa da, yaxşı futbolçu olacağına ümid edirəm”.
Qeyd edək ki, Budaq Nəsirov Portuqaliya çempionatına yollanan ikinci azərbaycanlı futbolçu olub. Daha öncə "Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərov "Tondela" ilə anlaşıb.