Sabah Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, ölkəmizin turnirdə yeganə təmsilçisi olan "Qəbələ" Fransanın "Lill" klubu ilə matça çıxacaq. "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Roman Qriqorçukun komandası ardıcıl 2-ci mövsümdür pley-off mərhələsinin astanasındadır. Ötən mövsüm də bu mərhələdə səfərdə 1:1 hesablı bərabərliyə qalan "Qəbələ"nin onda rəqibi Kiprin "Apollon" klubu olmuşdu. Bakıda cavab matçında 1:0 hesabı ilə qalib gələn komandamız növbəti mərhələyə yüksələrək Yunanıstanın "Panatinaikos" klubu ilə üzləmişdi.
"Qırmızı-qaralar"ın Fransada 1:1 hesablı nəticəyə imza atması yenə pley-offa çıxmaq şansını artırır. Bu da ilk növbədə səfərdə vurulan qola görədir. Aydın məsələdir ki, komandamıza mərhələ keçmək üçün qolsuz bərabərlik də yetərlidir. Ancaq təbii ki, "Qəbələ" meydana qələbə qazanmaq üçün çıxacaq.
Roman Qriqorçukun komandası cari mövsümdə turnirdə keçirdiyi 5 oyundan 3-də qalib gəlib, 1-də heç-heçə edib, 1-də uduzub. "Qəbələ" indiyədək təsnifat mərhələsində evdə nəinki uduzmayıb, cəmi 1 qol buraxıb. Bu, Gürcüstanın "Samtredia" klubuna 5:1 hesabı ilə qalib gəldiyimiz matçda olub. "Qırmızı-qaralar" cari mövsümdə ardıcıl 3 oyundur meydanı məğlubiyyətsiz tərk edir.