"Püşkün nəticəsinə sakitcəsinə yanaşırıq. Açığı, mən "Fənərbağça" ilə qarşılaşmaq istəyirdim. Ancaq püşk bizə rəqib olaraq Sloveniyanın "Maribor" klubunu seçdi". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Onun sözlərinə görə, potensial 5 rəqib arasında Türkiyənin vitse-çempionu "Fənərbağça" ilə qarşılaşmağı daha çox arzulayırmış: "Bu da səbəbsiz deyil. Başa düşürdüm ki, bu, Azərbaycan futbolu daha bir əlamətdar olay olacaq. Azərbaycan komandası Türkiyənin ən böyük, titullu klublarından biri ilə qüvvəsini sınamaq imkanına malik olacaq. Türkiyə klubu ilə möhtəşəm atmosferdə oynamaq maraqlı olardı. Ancaq hər şey necə varsa, onu elə qəbul edirik. Bizə kimin düşməyindən asılı olmayaraq hər şeyə sakit yanaşırıq. Başa düşürük ki, zəif rəqib yoxdur. "Maribor"la oyunda qələbə uğrunda mübarizə aparıb yenidən qrupa düşməyə köklənmişik".
Qriqorçuk rəqibin münasib olması fikri ilə razılaşmır: "Futbolda elə şeylər olmur ki, rəqib cəhətdən bəxtin gətirsin. Biz özümüzü daha təvazökar aparmalıyıq. Hətta eşidirəm ki, mənə zəng edib püşkün nəticəsi ilə bağlı təbrik edirlər. Ancaq insanlar bütün bunlara daha məntiqəuyğun yanaşmalıdırlar. Hər şeyi götür-qoy etməlidirlər. Biz kimik, harda qərarlaşmışıq, bunları ölçüb- biçməlidirlər. Hər şeyi nəzərə alıb məsələyə daha təvazökar yanaşmalıdırlar".
Ukraynalı mütəxəssis rəqibin gücünü yaxşı təsvir etdiklərini söyləyib. Onun fikrincə, Maribor" böyük avrokuboklar təcrübəsi olan komandadır: "Bilirik ki, klubub idman direktoru Sloveniya futbolunun ulduzlarından olan Zlatko Zahoviçdir. Onu da bilirik ki, həmin region yaxşı futbol məkanıdır, yüksək səviyyəli futbolçuları həmişə olub. Onlar yaxşı futbol məktəbi görüblər, düzgün futbol mentalitetinə malikdirlər. Düşünürəm ki, həmin regiondan bütün klublar güclü olur. Ancaq istənilən halda, hazırda Avroliqa söhbətini kənara qoyuruq. Çünki Azərbaycan çempionatına növbəti mövsüm başlayır və "Maribor"la qarşılaşmayadək Premyer Liqada 2 matçımız olacaq. İndi bütün diqqətimizi çempionata yönəltmişik. Vaxtı gələndə Avropa Liqasına köklənəcəyik".