Azərbaycan 7-ci mövsümdür təmsil olunduğu Avropa Liqasının pley-off mərhələsində ilk oyunda evdə üzləşdiyi sindromu qırıb. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin sayəsində nəhayət, mübarizəyə evdə qələbə ilə başlamaq mümkün olub. 
Bunadək "pley-off"dakı bütün təmsilçilərimiz - "Qəbələ" ("Panatinaikos"la 0:0), habelə "Bakı" ("Bazel"ə 1:3), "Neftçi" (APOOEL-lə 1:1), "Qarabağ" ("Ayntraxt"a 0:2, "Tvente"ylə 1:1) evdə qələbə ilə start götürməyə müvəffəq olmurdular. Roman Qriqorçukun komandası pley-offda 2-ci cəhdində də ilk oyunda meydan sahibi olub və bu dəfə Slovenyanın "Maribor" klubunu 3:1 hesabı ilə məğlub etməklə bu həsrətə son qoyub.
Ümumiyyətlə, klublarımız pley-offda bunadək yalnız 1 dəfə mübarizəyə qələbə ilə başlaya bilib. Bu, "Qarabağ"ın ötən mövsüm İsveçrədə "Yanq Boyz"a 1:0 hesabı ilə qalib gəldiyi matçdır. Həmin tarixi qolun müəllifi braziliyalı yarımmüdafiəçi Riçard Almeyda olub.  
Xatıradaq ki, Azərbaycan pley-offda ilk dəfə 2009-cu ildə, özü də 2 klubla siftə edib. Avqustun 20-də keçirilən həmin debüt matçlarda "Bakı" "Bazel"ə (İsveçrə) evdə, "Qarabağ" "Tvente"yə (Hollandiya) səfərdə 1:3 hesabı ilə uduzub. 









                 





    
    
    
    
    
    
    
    
    






















































