"Təbii ki, hər kəs "Mançester Yunyated"lə eyni qrupa düşməyi arzulayır. Amma "Anderlext" və "Sent-Etyen" də bizə uyğun tanınmış rəqiblərdir. Fantastik azarkeş dəstəyi olacağını düşünürəm". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniya "Maynts"ının prezidenti Harald Strutz deyib.
C qrupundakı rəqibləri dəyərləndirən klub prezidenti "Qəbələ" haqda da fikir bildirib: "Düşünürəm ki, idman baxımından "Qəbələ" ilə oyuna maraqlı səyahət olacaq. Qrupdan çıxmaq üçün yaxşı imkanımız var".
Klubun idman direktoru Rouven Şredera qrupdakı rəqiblərdən razılığını ifadə edib: "Bu balanslaşdırılmış qrupdur. "Anderlext" və "Sent-Etyen" bir az üstünlüyə sahibdir. Ancaq "Qəbələ" hələ naməlumdur".
Qeyd edək ki, Avropa Liqasının C qrupunda "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa), "Maynts" (Almaniya) və "Qəbələ" klubları yer alıb.