
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a uduzaraq (0:3, ilk oyun 1:0) mübarizəni dayandıran İsveçin "Göteborg" klubu Azərbaycan çempionu ilə bağlı UEFA-ya şikayət ünvanlayıb. Sportnet.az-ın məlumatına görə, isveçliləri belə addım atmağa Tofiq Bəhramov adına respublika stadionunun qazonu vadar edib.
Belə ki, avqustun 25-də keçirilən cavab görüşündə mərkəzi arenanın ot örtüyü nəinki qonaq komandanın, hətta təmsilçimizin üzvlərinin, futbol ictimaiyyətinin də kəskin narazılığı ilə qarşılanmışdı. "Göteborg" rəhbərliyi isə Bakıda bərbad qazonda oynadıqlarına görə UEFA-ya şikayət etməyə qərar verib.
Bunu yerli mətbuata açıqlamasında klubun sahibi Frank Anderson bəyan edib: "Qazonun keyfiyyəti ilə bağlı UEFA-ya məktub göndərəcəyik. Baxmayaraq ki, məğlubiyyətimizi qazonla əlaqələndirmək fikrimiz yoxdur. Sadəcə, UEFA-nın belə məsələlərlə bağlı öz qaydaları var. Bu qaydalara da yaxşı əməl etmək lazımdır".
O da qeyd olunur ki, "Göteborg"un iki futbolçusu Mikael Boman və Soren Riks Bakıdakı oyunda məhz qazonun keyfiyyətsiz olmasına görə zədə alıb.