"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri həftəsonu öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, C qrupunda "Qəbələ" ilə mübarizə aparacaq "Anderlext" Belçika Liqasının V turunda "Gent"i qəbul edib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. "Anderlext"in heyətində Yuri Tilemans və Lukaş Teodorçik fərqlənib. Komanda hazırda 9 xalla 5-ci pillədə qərarlaşıb.
"Sent-Etyen" Fransa Liqasının III turda "Tuluza"nı qonaq edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və tərəflər hərəyə bir xal qazanıb. Bu nəticə ilə "Sent-Etyen" Liqa 1-də 4 xalla 10-cu pillədədir.
Almaniyanın "Maynts" klubu isə Bundesliqanın açılış turunda Dortmundda "Borussiya" ilə üz-üzə gəlib. Rəqibin iki qoluna "Maynts" Muto Yoşunorinin dəqiq zərbəsi ilə cavab verib.
"Qarabağ"la birgə J qrupunda çıxış edəcək "Fiorentina" İtaliya A Seriyasının II turunda "Kyevo" ilə münasibətlərinə aydınlıq gətirib. Oyun meydan sahiblərinin minimal hesablı qalibiyyəti ilə başa çatıb. "Fiorentina"nın heyətində yeganə qolun müəllifi Karlos Sançes olub. "Fiorentina" 3 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
"Slovan" klubu da Çexiya çempionatında həftəni qələbə ilə başa vurub. "Pribram"ın qonağı olan Slovan təmsilçisi 3 xalı 1 qolla qazanıb. Devid Hovorkanın yeganə qolu komandasını 5 xalla 12-ci pilləyə yüksəldib.
PAOK isə Yunanıstan çempionatındakı II turun oyunlarının təxirə salınması səbəbindən meydana çıxmayıb.
Qeyd edək ki, Avropa Liqasında ilk oyunlar sentyabrın 15-də keçiriləcək. İlk oyunda "Qarabağ" evdə "Slovan"ı qəbul edəcək. "Qəbələ" isə Belçikada "Anderlext"in qonağı olacaq.