Sentyabrın 15-də Bayıl stadionunda Azərbaycan I divizionunda çıxış edən "Səbail” klubunun Müşahidə Şurasının (MŞ) iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, Müşahidə Şurasının sədri Rəşad Abdullayev klubun əsas fəaliyyət istiqamətləri barədə danışıb.
R.Abdullayev "Səbail"in aşağı dəstədəki hədəfləri, yüksək pillələr uğrunda mübarizə aparması ilə yanaşı, daha çox yerli və gənc futbolçuların xidmətində maraqlı olduğunu deyib, bu amilin gələcəkdə həm müxtəlif yaş qruplarından ibarət yığma komandaların, həm də Azərbaycan milli komandasının seçim imkanlarına müsbət təsir edə biləcəyini vurğulayıb.
Daha sonra Şuranın üzvləri Əbdülqəni Nurməmmədov və Təbriz Həsənov klubun qarşısına qoyulmuş məqsədlərə çatmaq üçün MŞ-nin bütün üzvlərinin səylə çalışdığını qeyd edib.
Klubun icraçı direktoru Yusif Həsənov isə qısa müddət ərzində görülmüş işlər barədə məlumat verib, təşkilati işlərin və idman nəticələrinin yüksək səviyyədə olması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Qeyd edək ki, Azərbaycan I Divizionunun debütantı olan "Səbail" ilk 2 turdakı görüşlərini qələbə ilə başa vurub. Hazırda bu klub 6 xalla liderlər qrupunda qərarlaşıb.