Gəncə şəhər stadionunda "Kəpəz" klubunun rəhbərliyi ilə azarkeşlər arasında görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, komandanın baş məşqçisi Şahin Diniyev və Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlunun iştirak etdiyi toplantıya üçfanklubun üzvləri qatılıb.
Futbolun azarkeşlər üçün olduğunu söyləyən klubun M.Nərimanoğlu Gəncə azarkeşlərinin ötən mövsüm tamaşaçı sayında rekorda imza atdığını bildirib. O, bu çempionat üçün də azarkeş sayında yüksək göstərici gözlədiklərini vurğulayıb. Elmar Əliyevin klubda fanklublarla əlaqələndirici vəzifəsinə gətirilməsindən də danışan klub rəsmisi bu təyinatın klub-azarkeş münasibətlərinin nizamlanmasında rol oynayacağını əlavə edib.
Görüşdə çıxış edən Diniyev də azarkeş amilinə diqqət çəkib və fanatların komandanın gücünə güc verdiyini deyib. Təcrübəli məşqçi yetirmələrinin dolu tribunalar önündə oynamasının əlavə məsuliyyət yaratdığını və ötən mövsümkü nəticəni yaxşılaşdırmağa çalışacaqlarını söyləyib.
Azarkeşlərin çoxsaylı sualları ilə davam edən bir saatlıq görüş qızğın müzakirələrə yol açıb. Klub rəsmiləri onları maraqlandıran mövzular haqda fikirlərini bölüşüb, müəyyən məsələlərə aydınlıq gətiriblər.