
İtaliya A seriyasında XI turun mərkəzi oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Yuventus" - Napoli" matçı meydan sahiblərinin çətin qələbəsi ilə yekunlaşıb - 2:1.
Özü də "Qoca Sinyori"yə 3 xalı "Napoli"nin keçmiş bombardiri Qonsalo İquayn qazandırıb. Argentinalı hücumçu 71-ci dəqiqədə qələbə topunun müəllifi olub. Onun vurduğu qolu qeyd etməməsi də diqqət çəkib.
Ümumiyyətlə, matçda hər 3 qol ikinci hissədə vurulub. 50-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Leonardo Bonuççi hesabı açıb. Bundan cəmi 4 dəqiqə sonra ispan yarımmüdafiəçi Xose Kalyexon bərabərlik qolunun müəllifi olub.
Qeyd edək ki, 29 yaşlı İquayn 2013-16-cı illərdə şərəfini qoruduğu "Napoli"nin heyətində A seriyasında 104 oyunda 71 dəfə fərqlənib. O, bu yay "Yuventus"a 94 milyon avroya keçməklə dünya futbolunun ən bahalı transferlərindən biri olub.