Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Şimali İrlandiya ilə DÇ-2018-in seçmə qrup matçından öncə socar.az-ın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Noyabrın 11-də baş tutacaq Şimali İrlandiya - Azərbaycan oyunundan gözləntiləriniz nədən ibarətdir? Millimiz bu görüşə kifayət qədər hazırlaşa biləcəkmi?
- Vaxt baxımından bütün yığmalarda hazırlıqla bağlı problemlər olur. Buna Çempionlar Liqası və Avro Liqa oyunları da təsir edir. Son nəticələrə görə hər bir klubda oynayan futbolçu milliyə gəlmək istəyir, millidə oynayan futbolçular isə qalmaq istəyir. Şimali İrlandiya güclü komandadır. Futbolçuları İngiltərənin müxtəlif klublarında oynayırlar.
- Ümumilikdə, bu çempionatın cari qrup seçmə mərhələsində qarşınıza qoyduğunuz əsas hədəf nədir?
- Futbolda əsas məqsəd hər dəfə daha gözəl oyun nümayiş etməkdir. Uzunmüddətli məqsəd çempionatın final mərhələsinə vəsiqə qazanmaqdır. Favorit Almaniyadır, lakin biz də şans uğrunda sona kimi vuruşacağıq. İlkin mərhələdə olsaq da, hələ məğlub olmamışıq.
- Siz yığmamızın son uğurlarını nə ilə əlaqələndirirsiniz?
- Bu suala cavab olaraq onu demək istərdim ki, milli yığma tək son üç oyun yox, ondan öncə də Norveçə qarşı səfər oyunundan Bakıya yaxşı nəticə ilə qayıtmışdı. Güclü Xorvatiya millisinə qarşı Bakıda yaxşı oyun nümayiş etdirdik. Ancaq bu, bizim iki ildir sürən fəaliyyətimizin son nöqtəsi deyil. Biz hər zaman daha böyük uğurlar əldə etməyə can atırıq. Gənc, perspektivli oyunçuları komandaya cəlb etmək, kollektivdə yaxşı ab-hava, nizam-intizam yaratmaq lazımdır ki, müvəfəqiyyətlər davamlı olsun. Komandaya yeni gələndə qarşıma qoyduğum ən prioritet məsələ futbolçuların düşüncəsini, oyun mentalitetini dəyişmək idi. Ən böyük problemlərdən biri o idi ki, futbolçular indiyə kimi güclü rəqiblərlə qarşılaşanda ən böyük məqsəd olaraq, böyük hesabla məğlub olmamağı düşünürdülər. Elə işin də ən zəruri tərəfi oyuçulara özünəinam hissini aşılamaq idi. Futbolçularımız inanmalıdırlar ki, onların özləri də yaxşı futbolçulardır və onlar da güclü rəqiblərə qarşı gözəl futbol oynaya bilərlər. Üstəlik, komandaya və oyunçu- lara inam olmalıdır. Mənim inamım kifayət deyil, komandaya eyni zamanda mətbuat, azarkeşlər və bütün ölkə inanmalıdır. Bizim oyunçular da bu inamı öz oyunları ilə doğrultmalıdırlar.
- Azərbaycan futbolunun inkişaf istiqamətlərini necə görürsünüz?
- Azərbaycanda futbolun inkişafından danışdıqda onu deyə bilərəm ki, mənim ikiillik müşahidələrimə görə, xeyli inkişaf var; Qəbələ klubu iki, Qarabağ isə artıq üç ildir, Avro Liqada dalbadal uğur qazanır. Biz Avro Liqanın tanınmış komandalarını və oyunçularını burada görə bilirik. Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində son üç oyun ərzində göstərdiyi uğurlu nəticə - 2 qələbə, 1 heç heçə - sayəsində yeddi xal toplayaraq qrupda ikinci pillədə qərarlaşıb. Bunlar da son illərdə futbolun inkişaf etdirilməsi istiqamətində görülən işlərin nəticəsidir. Ancaq bu uğurlarla kifayətlənmək olmaz. Bu işlər yenə də davam etdirilməlidir ki, daha uğurlu nəticələr əldə edək. Bildiyiniz kimi, son 2 ildə AFFA və Bakcell-in birgə layihəsi əsasında Mançester Yunayted məktəbi Azərbaycanda fəaliyyət göstərir. Orada istedadlı futbolçular yetişir. Oyunçularımız böyük turnirlərdə iştirak edirlər. Artıq Azərbaycan adı səslənəndə hər kəs hörmətlə yanaşır, rəqiblər bilirlər ki, Azərbaycana qarşı futbol oynamaq heç də asan deyil. Bir məsələyə daha toxunaraq arzu edərdim ki, görüşlər zamanı stadionlar tam dolu olsun. Məsələn, ötən dəfə Qarabağ-Neftçi qarşılaşmasını canlı izləyirdim, açığı, stadionda izdiham gözləsəm də, görüşə çox az sayda azarkeş qatılmışdı. Bir faktı da deyim, müşahidələrim göstərir ki, bizdə stadionun dolması əksər hallarda rəqib komandaya bağlı olur. Məsələn, 2017-ci ilin mart ayında Almaniya ilə oyunumuz baş tutacaq, əminəm ki, həmin matçda stadion tam dolacaq. Məncə, əsl azarkeş öz sevimli komandasına kimlə qarşılaşmasından asılı olmayaraq, hər zaman stadiondan canla-başla dəstək olmalıdır. Arzu edərdim ki, Azərbaycan millisinə də dəstək bu formada olsun.
- Sizcə, Azərbaycan futbolunun üstünlükləri nədən ibarətdir? Hansı aspektlərinə daha çox diqqət göstərilməlidir?
- Dünyanın hər yerində bu sahədə ən vacib məsələ istedadlı uşaqlar, uşaq futbol məktəbləridir. Azərbaycanda bunlar mövcuddur. Uşaqların üzərində səylə işləməklə, məşq etməklə uğur əldə etmək olar. Ancaq ən birinci həmin istedadlı uşaqları araşdırıb tapmaq lazımdır. Azərbaycan futbolu, hələ ki, öz imkanlarını tam istifadə edə bilməyib. Mən milliyə gəldikdə ilk növbədə gənc və istedadlı oyunçulara şans verdim ki, onlar öz bacarıqlarını göstərsinlər. Son vaxtlar da onların meydanda göstərdiyi oyun onların fiziki cəhətdən hazırlıqlı olmaqlarına əyani sübutdur. Klub futboluna gəldikdə isə Qarabağ iki dəfə az qala Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqdı. Bir az bəxtləri gətirmədi. Yenə qeyd edirəm, bizim Qarabağ və Qəbələ klubları beynəlxalq turnirlərin final mərhələsinə vəsiqə qazanmaqla göstərirlər ki, Azərbaycanda istedadlı futbolçular var. Onların üzərində işləmək lazımdır ki, müvəfəqiyyətli nəticələr bol olsun.
- Azərbaycanda uşaqlar arasında futbola maraq və rəğbətin artırılma resepti nədir?
- Bildiyim qədər, Xorvatiyada milli komandaya bir o qədər də pul yatırılmır. Lakin görürük ki, futbolçuları dünyanın aparıcı klublarında oynayırlar, istedadlı oyunçuları çoxdur. Burada istedad çox vacib amildir. Sözsüz ki, klubların və milli komandanın çıxışları da oyunçulara təkan verir, bu da futbola olan marağı artırır. Son illərdə Qarabağ və Qəbələ klubları Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıblar. Azərbaycan millisi, axır son ayı götürsək, çox uğurla çıxış edərək qənaətbəxş nəticələr əldə edir. İnfrastruktur baxımından SOCAR və AFFA tərəfindən böyük işlər görülüb, yeni meydançalar tikilib. Bu da onu göstərir ki, infrastruktur barəsində futbolun inkişafı üçün problem- lər yoxdur. Düşünürəm, Azərbaycanın nə vaxtsa Dünya və yaxud Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanması çox böyük nailiyyət olardı. Yığmada oynayan futbolçuların dünyanın ən tanınan, ən güclü komanda və oyunçuları ilə üzbəüz mübarizə aparması həm futbolçularda, həm də azyaşlı uşaqlarda böyük motivasiyaya səbəb ola bilər.
- Dünya futbolunda müxtəlif oyun tərzləri mövcuddur. Avropa ölkələri arasında da, məsələn, şimal və cənub ölkələr arasında ənənəvi fərqli oyun tərzləri aşkar görünür. Siz millimizin oyununu hazırda hansı komanda və ya ölkənin oyun tərzinə daha yaxın görürsünüz? Gələcəkdə onun hansı oyun tərzi istiqamətində inkişaf etməsini istərdiniz?
- Futbolda ən əsas faktor mübarizə əzmidir. Biz baxımlı, əzmli futbol nümayiş etdirmək istəyirik ki, azarkeşlər bizim oyundan zövq alsınlar. Sözsüz, bu, həmişə alınmır. Rəqibdən də çox şey asılıdır. Hər halda fəlsəfəm belədir ki, biz yalnız müdafiə oyunu və yaxud qabağa top vuraraq təsadüfi nə alınar-alınmaz yox, arxa xətdən ağıllı hücumlar qurub texnikalı futbol nümayiş etdirməliyik. Təbii ki, soruşsanız, deyərəm ki, Azərbaycan heç vaxt Braziliya olmaya- caq. Çünki onların 200 milyondan çox əhalisi var, orada hər uşaq səhərdən axşamadək dəniz qırağında futbol oynayır. Azərbaycanda belə olmasa da, məqsədim öz üzərimizdə işləyərək daha baxımlı oyun göstərmək, müba- rizə əzmimizi artırmaqdır. Biz istəyirik ki, Azərbaycana gələn hər bir yığma bizim asanlıqla təslim olmayacağımızı bilsin. Rəqiblər bizə qalib gəlmək üçün var güc ilə mübarizə aparmalı olduqlarını anlamalıdırlar. O ki qaldı hansı məktəbə uyğun futbol oynamağımıza, bunu müqayisə edə bilmərəm. Mən hansısa futbol məktəbi- ni nümunə götürməmişəm. Mən özümdə olan futbolçu materialı ilə işləyirəm. Yığmamızda oyunçu potensialı keyfiyyətlidir, fubolçuların durumundan çox razıyam. Gəlin açıq danışaq, bir neçə il bundan qabaq Azərbaycan futbolundan bir o qədər də müsbət danışmırdılar. Ancaq seçmə mərhələnin son üç tur oyunlarından sonra artıq Avropada Azərbaycan futbolu müzakirələrə səbəb olub. Mənə elə gəlir ki, bu çox böyük uğurdur, biz bununla sevinir və fəxr edirik. Yenə də qeyd edirəm, iş bununla bitmir, biz daha çox işləməliyik ki, öz futbol stilimizi heç bir məktəb ilə müqayisə etməyək və mövcud futbolçu potensialından istifadə edərək öz oyun tərzimizi sərgiləyək.
- Milli futbolumuzun inkişafını necə proqnozlaşdırırsınız?
- Milli komanda ilə bağlı nikbin düşünürəm. Lakin gələcək uğurlarımız indi ən çox azarkeşlərimizdən – futbol dili ilə desək, 12-ci oyunçudan asılıdır. Klublara gəldikdə isə onların sayı və onlara qarşı maraq artsa, futbolçuların beynəlxalq çempionatlarda uğurlu çıxışları davamlı olacaq.
- Azərbaycanda işləmək başqa ölkələrdə işləməkdən çoxmu fərqlidir? Əsas fərqlər varsa, nədən ibarətdir?
- Deyə bilmərəm, başqa ölkələr necədir. Amma ailəmlə burada yaşayırıq və çox məmnunuq. Uşaqlarım burada məktəbə gedirlər. Gözəl ölkədir, insanlar gözəldirlər, həm özüm, həm ailəm özünü yaxşı və rahat hiss edir burada. Bakı böyük və təhlükəsiz şəhərdir. Ləziz mətbəxiniz var və bu, mənim çox xoşuma gəlir. Sakinləri istiqanlıdır, həmişə kömək etməyə çalışırlar. Bəzən ingilis dilinə görə çətinliyim olur, amma yenə də insanlar hər hansı bir şəkildə kömək etməyə çalışırlar. Futbola təzyiq bütün ölkələrdə böyükdür, Azərbaycanda bu təzyiq, bəlkə də, daha böyükdür, amma buna hazır olmaq lazımdır. Çox şadam ki, buradayam, şikayətim yoxdur, çox razıyam.
- Azərbaycanda futboldan kənar istirahətinizi daha çox hansı formada keçirirsiniz?
- İşdən kənar vaxtım az olur, onu da çalışıram, ailəmlə birlikdə keçirim. Bakıda çox görməli-gəzməli yerlər var, çox gözəl şəhərdir. Futboldan başqa yeganə hobbim ailəm olduğu üçün boş vaxtımı daha çox onlarla keçirirəm.