İtaliyanın "Stadiosport.it" saytı "Qəbələ”nin cari mövsümdəki çıxışına dair yazı dərc edib.
Sportnet.az-ın məlumatına görə, "Paradoksal "Qəbələ" sərlövhəli yazıda Avropa Liqasının qrup mərhələsində böyük futbol ənənələri olmayan ölkələrin, o cümlədən, Azərbaycanın klublarının oynadığı vurğulanıb.
İtaliyalı həmkarlarımız baş məşqçi Roman Qriqorçukun komandasının çıxışını əsl paradoks adlandırıblar: "Onlar öz liqalarında çox uğurla oynayırlar və 11 turdan sonra 25 xalla turnir cədvəlində liderdilər. Ancaq Avropa Liqasında xal toplaya bilməyiblər. "Maynts”, "Sent-Etyen” və "Anderlext”lə bir qrupda mübarizə aparan "Qəbələ"nin artıq növbəti mərhələyə çıxma şansları yoxdur. Ancaq onların həmyerliləri "Qarabağ” İtaliyanın "Fiorentina” klubunun yer aldığı qrupdan çıxmağa çox yaxındır. "Qəbələ"nin avrokuboklarda uğurlu çıxış etməsi üçün islahatlara ehtiyacı var”.